Təsdiqləndi ki, sistemin mahiyyəti normal idarəçiliklə reaksiyaya girmir
2017-ci ilin iki ayını arxada qoyduq. “İnşallah yaxşı olar”, “yaman günün ömrü az olar”, “hər şey düzələcək” kimi təsəlli arqumentləri puç olmaqdadır. Hər ötən gün göstərir ki, hökumət ənənəsinə sadiqdir və tövbə etmək haqqında düşünmür. Saysız-hesabsız fərman və sərəncamlar, gurultulu vədlər əks effekt verdi. Əlbəttə, sağlam düşüncə qabiliyyəti olan adamlar ilk gündən başa düşürdü ki, hökumət “islahat” sözünə nifrət edir və imitasiyanı gücləndirəcək.
Nəhayət, bütün gözləntilərin bitdiyi anda yeni təyinat reallaşdı və ölkənin gündəminə oturdu. Təbii ki, normal düşüncə sahibləri yenə də əminliklə ortaya mövqe qoydular və idarəetmədə heç nəyin müsbətə doğru dəyişməyəcəyini ifadə etdilər. Amma yeni təyinat bəziləri üçün yeni tutacaq rolunu oynadı. Rəsmi təbliğat humanizmdən, yeni islahatlardan, pozitiv addımlardan söz açdı. Kreativ-intellektual yaltaqlar peyda oldu, yeni situasiyada oturacağını bərkitmək istəyənlər tərif yağışına keçdilər, bəziləri həqiqətən də nələrinsə dəyişəcəyinə inandılar və.s
Amma yeni təyinatın qoxusu getməmiş, burnumuza təzə qoxular yapışdı. Repressiya yenidən sürət götütdü, ictimai-siyasi fəallara qarşı qondarma ittihamlar davam etdi. Ən son olaraq da tanınmış bloqçu Mehman Hüseynov 2 il müddətində həbs edildi.
Əlbəttə ki, baş verənləri müxtəlif rakurslardan şərh etmək olar və bütün versiyaların yaşamaq haqqı var. Son baş verənlər hakimiyyətdaxili ziddiyyətlərin təzahürü, yeni təyinata qarşı olan klanın həmləsi də ola bilər və çox inandırıcıdır. Heç kimə sirr deyil ki, hökumət daxilində böyük klanların savaşı gedir.
Amma səbəbin hardan qaynaqlanmasından asılı olmayaraq, bir həqiqət özünü legitmləşdirir. Məlum olur ki, hökuməti xalqın ağır vəziyyəti, dövlətin imicinin ləkələnməsi, böhranın qol-qanad açması maraqlandırmır. Hamı oturduğu kresloya daha keyfiyyətli “kley” yapışdrımaq üçün canfəşanlıq edir. Ən dəhşətlisi isə budur ki, şəxsi maraqların təmin olunması üçün insan həyatını rahatlıqla qurban verə bilirlər. Kiminsə günahsız yerə həbs olunması, kiminsə işgəncəyə məruz qalması, kiminsə həyatını itirməsi önəm daşımır. Əsas odur ki, hər klan öz planını həyata keçirə bilsin.
Bəli, bir qruplaşma başqa bir qruplaşmanı zərərsizləşdirmək üçün xalqın başını yumruqlayır. Və bir daha təsdiqlənir ki, rejimin mahiyyəti normal idarəçiliyə yaddır. Faktiki olaraq mövcud komandanın yürütdüyü siyasət normal idarəçiliklə reaksiyaya girmir.
Bu mənada ən son baş verənlər “heç nə düzəlməyəcək” deyənlərin gözləntilərini doğrultdu. Ağzını marçıldada-marçıladada cəmyyəti bir müddət də yeni təyinatın ətrafında ümidləndirmək istəyənlər əliboş qaldı. Hətta imitasiya da alınmadı, yaxud imitasiyanın edilməsinə də imkan verilmədi.
Son nəticə budur ki, hökumət komandasında “vətən”, “millət” deyən qruplaşma yoxdur. Hamı “arzular kreslosu”nu qorumaq haqqında düşünür, böhran isə vətən boyda ərazini işğal etməkdədir. Yenə də çarə xalqın birliyinə, xalqın öz varlığını göstərməsinə qalır. Xəstələndirilmiş ölkənin həkimi yalnız xalq özü ola bilər. Yoxsa, yanlış diaqnoz və yanlış müalicə orqanizmi daha ağır hala salacaq. Müsbət gözləntiləri yalnız xalq doğrulda bilər.
İlham