Bu qədər gənc terror təşkilatlarına qoşulubsa…
Mövcud hakimiyyətin yürütdüyü siyasətin dövlət və xalq marqlarına zidd olduğu hər addımda aydın görünür. Statistik rəqəmlər, üzləşdiyimiz reallıqlar bunu deməyə əsas verir ki, ölkə üçün ən böyük təhlükə hökumətin tutduğu siyasi xəttdir. Nə qədər gənclərə qayğıdan, ölkədəki sabitlikdən dəm vururlsa da, ölkənin dalana dirəndiyini özləri də etiraf edirlər. Məlum olru ki, nə gənclərə qayğı var, nə də ölkənin təhlükəsizliyi zəmanət altındadır.
“Dini radikalizmə meyillərin artması ilə bağlı bəzi neqativ hallar baş verir. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatçılara qoşulub. Onların bəziləri öldürülüb, bəziləri də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib”.
Bu sözləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
Kiçik bir ölkədə 900 gəncin terror təşkilatlarına qoşulması nəyin göstəricisidr? Bir ölkə üçün bundan böyük təhdid ola bilərmi? Əlbəttə ki, hökumət bu dəhəşətli reallığı dini radikalizmlə əlaqələndirərək, məsuliyyətdən qaçmaq istəyir.
Amma istənilən arqument hökumətin özünə yönəlir və problemin kökü yanlış idarəçiliyə dayanır.
Hakimiyyət bütün diqqətini söz azadlığını məhv etməyə, ölkə sərvətlərini talamağa, hüquqsuzluğu normaya çevirməyə yönəldib və təhsil, vətəndaşa qayğı, dövlət maraqlarının qorunması unudulub. Ölkədə normal təhsi lssitemi yoxdursa, gənclər üçün münbit şərait yaradılmayıbsa, işsizlik və yoxsulluq yüksək həddə çatıbsa, gənclərin yad təsirlərə düşmə ehtimalı artır.
Digər tərəfdən mötədil dindarları, həqiqi ilahiyyatçıları şərləyərək həbsə atanda, terrorçu kimi təqdim edəndə, işgəncəyə məruz qoyanda, dini terror alətinə çevirənlərə geniş imkan yaranır. Maarifçilik aparmalı olan, həqiqi islamı təbliğ etməli olan adamlar sıradan çıxarılıbsa, gənclərin terrorçu təşkilatların təsirinə düşmə ehtimalı artır.
Başqa bir sual bundan ibarətdir ki, 900 gəncin terror təşkilatına qoşulması niyə bu qədər asan olub? Niyə ölkədə zərərli qüvvələr təbliğat apara bilir, gənclərin beynini yuyur, gənclərə pul vəd etməyə imkan tapır? Necə olur ki, hökumət müaxlif fikirli adamları gecə-gündüz izləyə bilir, tənqidçi kəsimin fəaliyyətini xırdalığına qədər araşdırır, amma bu qədər gəncin terror təşkilatlarına qoşulmasının qarşısını ala bilmir?
Aydın görünür ki, hökuməti maraqlandıran yalnız şəxsi maraqlardı, maddiyyatdı, kürsüdü. Eyni zamanda təsdiq olunur ki, vətəndaş təhlükəsizlikdə deyil, sabitliklə bağlı deyilənlər nağıldı və ölkənin gələcəyi etibarsız əllərdədi. Bu qədər gəncin ölkədən qaçıb terrorçulara pənah aparması, ölkəni bürüyən mənəvi terrorun nəticəsidir.
Samir