Gizli məlumatların mətbuata sızması Ağ Evi hərəkətə gətirib.
«Politico»nun yazdığına görə, ABŞ Prezident Administrasiyasının mətbuat katibi Şon Spayserin təşəbbüsü ilə Ağ Ev əməkdaşlarının mobil telefonları əllərindən alınıb.
Onlara telefonların xidməti yoxlamadan keçəcəyi bildirilib.
Məlumata görə, bir neçə gün əvvəl Spayser KİV-lə əlaqələrə cavabdeh olan həmkarlarını toplayaraq onlara vacib məlumatların mütəmadi olaraq mətbuata sızmasından məyus olduğunu bildirib.
Söhbətin ardından Spayser toplantıda olan hər kəsdən telefonlarını təhvil verməyi xahiş edib. Və bildirib ki, əgər gizlədəcək nələrisə yoxdursa, bu yoxlamaya etiraz etməməlidirlər.
Sonda Spayser xəbərdarlıq edib ki, yoxlama barədə mətbuata xəbər sızsa, əməkdaşların ciddi problemləri olacaq.
ABŞ qanunvericiliyinə görə, Ağ Ev əməkdaşları şifrəli informasiyaları ötürən və sonra kökündən silə bilən messencerlərdən istifadə edə bilməzlər.
Gələcəkdə Ağ Evdə oxşar yoxlamalar digər elektron vasitələrlə də bağlı aparılacaq.
ABŞ mətbuatının yazdığına görə, məlumatların sızması Dövlət Departamentində də narahatlıq yaradıb.
Bu səbəbdən dövlət katibi Reks Tillersonun görüşləri barədə protokollarla yalnız məhdud dairə tanış ola bilir.
Eyni zamanda, Dövlət Departamentində hər səhər keçirilən iclasa da yalnız rəhbərliklə razılaşdırılmış şəxslər qatıla bilir.
Gültəkin