Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci Xocalı soyqırımının 25-ci ildönümündə etdiyi çıxışda “hər kəs bilsin ki, bundan sonra hər kim Azərbaycana yan gözlə baxarsa, Türkiyə də səssiz qalmaz, heç kim bunu unutmasın “deyib.
Dünən Xocalı soyqırımı qurbanlarının xatirəsi qardaş Türkiyədə də anılıb. Dənizli Böyükşəhər Bələdiyyəsinin keçən aylarda açdığı Azərbaycan Qarabağ Parkında təşkil edilən mərasimə İqtisadiyyat naziri Nihat Zeybekçi də qatılıb. Nazir: “Biz “bu torpaqlara” deyərkən, həm Azərbaycana, həm Naxçıvana, həm Anadoluya qanımızı qarış-qarış içirtdik. Hər kimin bir tələbi varsa, qanını tökməyi gözünə ala bilirsə, buyursun gəlsin. Amma igidcə gəlsin, ifadəmi üzrlü sayın, kişi kimi gəlsin. Xəlvətcə, xaincə gəlməsin. Xəyanət içində olanlarla, hiyləgərcə gələnlərin də öhdəsindən gəlmə bacarığımız artıq yetərlidir”deyib. Zeybekçi daim Azərbaycanın yanında olmağa davam edəcəklərini bildirərək, bunları söyləyib: ” Azərbaycan ayrı bir gözəllik və mədəniyyət coğrafiyamızdır, iki dövlət, tək millətik. Bəli, sərhədlər qoyulmuş aramıza, iki ayrı dövlət halına gəlmişik, hansı ki, baxdığımız zaman da bir-birimizin tam eynisiyik. Hər kəs bilsin ki, bundan sonra hər kim Azərbaycana yan gözlə baxarsa, Türkiyə də səssiz qalmaz. Heç kim bunu unutmasın “.
Azadliq.info