İtaliyada cinayət ittihamı ilə 21 il həbs yatan bir adam günahsızlığı aydın olunca sərbəst buraxıldı.
İndi 51 yaşında olan Angelo Massaro Puglia bölgəsində yerləşən Tarantoda 1995-ci ildə işlənən bir cinayətdə günahkar bilinərək, 24 il həbs cəzasına məhkum edildi. Massaro cinayət iddiasını rədd etsə də, bir müxbir xəbəri və telefon dinləməsi ilə əldə edilən “dəlillərlə” məhkum edildi.
Ancaq aradan 21 il keçdikdən sonra Massaronun həbsə atılmasına səbəb olan telefon dinləməsinin səhv tərcümə olunduğu ortaya çıxdı. Puglia bölgəsinə xas ləhcəylə danışan Massaronun telefonda arvadına “bir yük” daşıdığını söylədiyi, ancaq Massaro’nun “yük” mənasında istifadə edilən “muers” sözünün “muerte” (ölü) olaraq qeydlərə keçdiyi müəyyən olundu.
Massaronun cinayət anında narkotik asılılığı müalicəsi üçün bir sağlamlıq məntəqəsində olduğu da isbatlanınca, 21 il sonra sərbəst buraxıldı. Həbsdə ikən liseyi bitirən və hüquq təhsili alan Angelo Massaro haqsız yerə illərcə həbs yatmasına baxmayaraq, “dərs çalışmaq mənə çox kömək etdi, amma dəli olmağımı önləyən yoqa, meditasyon və idman oldu” deyib.
Bu, Massaronun başına gələn ilk yanlış məhkumluq deyil. 1991-ci ildə də başqa bir cinayət üçün 21 il həbsə məhkum edilən Massaro o dövrdə 1 il həbs yatdıqdan sonra günahsızlığı aydın olunca sərbəst buraxılmışdı. İlk haqsız məhkumiyyəti üçün dövrün puluyla 10 milyon liret (təxminən 5000 avro) təzminat alan Massaro indi də həbsdə keçirdiyi son 21 ili üçün təzminat tələb etməyə hazırlaşır.
Hələ də evli və 2 uşaq sahibi olan Massaro yaşadığı haqsızlıqla bağlı nələr hiss etdiyi sualına belə cavab verib:
“Kimsədən nifrət etmirəm, amma qəzəbliyəm. Uşaqlarımın böyüdüyünü görə bilmədiyim üçün qəzəbliyəm. Həbsə girdiyimdə oğlum Rafael 2,5 yaşında, Antonio isə 45 günlük idi. Dayana bilməyim həyat yoldaşım Patrisianın sayəsindədir. O günahsız olduğuma həmişə inandı.”
azadliq.info