AXCP-nin gənc fəalı Amil Məmmədzadə barəsində Suraxanı məhkəməsinin çıxardığı 30 gün inzibati həbs qərarından verilən apellyasiya şikayətinə fevralın 25-də baxılıb. Şikayət təmin olunmayıb. Bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb.
“Gözləndiyi kimi, hakim ciddi arqumentlərimizə heç bir münasibət bildirmədi və şikayəti təmin etmədi. Beləliklə, bir daha təsdiq olundu ki, adına avtomaşın və sürücülik vəsiqən olmadan, ömründə avtomaşın sürmədən də radara düşmək və bu bahanə ilə həbsə salınmaq olar”, – deyə vəkil bildirib.
Vəkil onu da qsyd edib ki, prosesdən əvvəl Binəqədi cəzaçəkmə müəssəsində dünəndən cəza çəkən digər cəbhəçi gənc fəal Vasif Müzəffərovla görüşüb. Ona da 30 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunub. Rəsmi versiya budur ki, güya polis onu küçədə saxlayaraq sənəd tələb edib, o isə bu tələbə tabe olmayıb. Halbuki təsdiq olunur ki, polis əməkdaşı qonşu adı altında görüşə dəvət edib.
“Polis bölmələrində bu gənclərə həbslərinin səbəblərini qeyri-rəsmi olaraq bildiriblər. Bu, Orduxan Teymurxanın müdafiəsinə yönəlmiş statusları öz FB səhfələrində paylaşdırmalarıdır. Polislər mütəxəssis dəvət edərək hər iki gəncin FB səhfəsini bağlayıblar.
Hər iki gənc ailəlidir. Amilin bir, Vasifin isə iki azyaşlı övladları var. Bundan baçqa Vasifin həyat yoldaşı 8 aylıq hamilədir. Bu cəzanı yüngəlləşdirici hallar olsa da, məhkəmələr onlara əhəmiyyət verməyib. Ağırlaşdırıcı hallar olmasa da, onlara sanksiyanın ən yüksək həddini tətbiq ediblər. Beləliklə də iki gənc ailə və körpə uşaqlar Novruz Bayramını ailə başçısız qarşılayacaqlar. Hesab edirəm ki, bu əsl qəddarlıqdır”, – deyə Ə.Mustafayev bildirib.