Həbsdə olan REAL-çı fəal Rahim Şalıyev fevralın 25-də Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında vəkili Yalçın İmanovla görüşüb. Görüş zamanı məlum olub ki, fevralın 20-də həbs olunarkən Sumqayıt polisində məruz qaldığı işgəncələr nəticəsində səhhətində kəskin problemlər yaranıb.
Vəkil Yalçın İmanovun “Azadlıq”a verdiyi məlumata görə, döyülmə nəticəsində Rahim Şalıyevin başının sol hissəsində deformasiya yaranıb. Vəkil deyir ki, deformasiya o qədər açıq-aşkardır, onu xüsusi avadanlıqla yoxlamadan, əllə toxunanda da hiss eləmək olur. Başındakı kəskin ağrılarla yanaşı, fəalın eşitməsində də problemlər yaranıb.
Rahim Şalıyev vəkilinə deyib ki, işgəncəyə məruz qalması haqda məlumat yayılandan sonra İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının əməkdaşları gəlib ona baş çəkiblər
“Rahim Şalıyev fevralın 20-də saxlanıldığı Sumqayıt Şəhər Polis İdarəsində məruz qaldığı işgəncə faktı ilə bağlı Ombusdman nümayəndələrinə ətraflı məlumat verib. Fevralın 24-də isə Şalıyevin baş nahiyəsində ciddi ağrılar olduğundan, onun saxlanıldığı müvəqqəti saxlama məntəqəsinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Müayinə zamanı məlum olub ki, onun başının sol hissəsində döyülmələr zamanı deformasiya yaranıb.
Amma həkimlər ona effektiv yardım təklif edə bilməyiblər, yalnız ağrıkəsici iynə vura biləcəklərini deyiblər. Rahim Şalıyev isə bundan imtina edib. Çünki bu, effektiv müalicə deyil”, – deyə Yalçın İmanov bildirib.
Vəkil onu da əlavə edib ki, səhhətindəki ciddi problemlərə baxmayaraq, Rahim Şalıyevin əhval-ruhiyyəsi yaxşıdır. REAL-çı fəal vəkili vasitəsilə dostlarına və yaxınlarına salam göndərib.
Qeyd edək ki, Rahim Şalıyev fevralın 20-də həbs edilib. Ona xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. Guya, Rahim Şalıyev küçədə telefonla danışarkən söyüş söyüb. Halbuki, onu küçədə saxlamayıblar, fevralın 20-də səhər saat 11 radələrində evindən aparıblar.
azadlıq.info