Fevralın 24-də Bakı ağır Cinayətlər məhkəməsində JAM.az saytının təsisçisi və baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlunun) işi üzrə növbəti proses keçirilib. Məhkəmədə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməliyyatçıları dindirilib.
İlk olaraq məhkəmədə şahid kimi “Nardaran işi” üzrə məhkəmədə adı işgəncələrdə hallanan İbrahim Kazımov ifadə verib. O, ifadəsində bildirib ki,Mehman Həsənov BMCMİ -ə müraciət edərək F.Fərəmazoğlunun ondan JAM.az saytında yazılan materialların müqabilində 3000 manat pul istəyini deyib. Bundan sonra əməliyyat qrupu yaradılıb. Hal şahidləri dəvət olunaraq xüsusi işarələnmiş pullar Mehman Həsənova verilib. Daha sonra iki maşınla hadisə yerinə yollanıblar. Yolda Mehman dəfələrlə Fikrət Fərəməzoğluna zəng etsə də ona zəng çatmayıb.Buna görə onlar yolüstü Fikrət Fərəməzoğlunun Nərimanov rayonu ərazisində daimi olduğu yerə baş çəkiblər. Ora çatanda M.Həsənov maşından düşüb ofisə girib və qayıdaraq Fikrətin orada olmadığını bildirib. Daha sonra hadisənin baş verdiyi yerə gəliblər. 20 yanvar metrosu yaxınlağındakı “Mərasim zal”ın qarşısında mövqe seçərək gözləyiblər. Mehman Həsənovla Fikrət görüşərək pulu ona verib. Əməliyyatçılar yaxınlaşaraq özlərini təqdim edərək onu həbs ediblər. Daha sonra Fikrətlə bərabər onun evinə gedərək onun evindən notbuk və hotellərin adı olan siyahını götürüblər.
Tərəflər bir-birinə “şərəfsiz” dedi
Dövlət ittihamçısının suallarından sonra müdafiə tərəfinin suallarına cavab verərkən ziddiyətlərin meydana çıxdığı məlum olub. Fikrət Fərəməzoğlu şahidin yalan danışdığını bildirdikdə İbrahim Kazımov “Yalan sən danışırsan, şərəfsiz”,-deyib. Fikrət Fərəməzoğlu “şərəfsiz sənsən,üzəduran” cavabını verdikdə hakim hər ikisinə xəbərdarlıq edərək tərəfləri etik qaydalara riayət etməyə çağırıb.
F.Fəraməzoğlu bildirib ki, o “Alma”restoranında yemək yediyi vaxt M.Həsənov ona dəfələrlə zəng edib. Onunla danışmaq istəmədiyindən onun zənglərinə cavab verməyib. “Alma” restoranından çıxan kimi maşına minən zaman ona yaxınlaşıb qoluna qandal vurulub. “Öz avtomobilimin arxa oturacağına oturtdular. İbrahim Kazımov maşını idarə elədi, məni öz maşınımla şəhəri gəzdirdilər və sonra tutduqları yerə gətirdilər.Həmin vaxtı üzünü görmədiyim bir nəfər cibimə nəsə qoydu.Mən də ona dedim ki, bu şərəfsizliyi etməyin. Mən ilk önçə cibimə qoyulanın narkotik olduğunu zənn etmişdim. Sonra məni BMCMİ-nə gətirdilər və orada protokol tərtib etdilər. Evimdən əşyaları götürən zaman mən orada olmamışam. Protokola da imza atmamışam”,- deyə Fikrət Fərəməzoğlu bildirib. Suallara cavab verərkən Fikrət Fərəməzoğlu hadisə yerində Tahir Əlimərdanovun da olduğunu bildirsə də, İbrahim Kazımov bunu inkar edib.
Bir izahat 5 gün ərzində yazılıb
Protokol məhkəmədə elan olunub. Oradakı imzaları F. Fərəməzoğluna göstərərkən o, imzaların ona məxsus olmadığını bildirib. İbrahim Kazımov Fikrətin cinayəti etiraf etdiyini bildirdikdən sonra Fikrət Fərəməzoğlunun izahatı elan olunub. İzahatla protokol arasında kəskin ziddiyət yaranıb. Fikrət Fərəməzoğlu bildirib ki, başına döyə-döyə diktə etdiklərini yazmağı tələb etsələr də, o öz bildiklərini yazıb və bu proses 5 gün ərzində baş verib.
Daha sonra BMCMİ-nin digər əməliyatçısı İslam Ağabəyov ifadə verib. O, da İ.Kazımovun dediklərini təkrarlayıb . Suallar zamanı protokolun idarədə tərtib olunduğunu bildirsə də, izahatdan xəbəri olmadığını qeyd edib. Fikrət Fərəməzoğlunun evində axtarış zaman Fikrətin onlarla birlikdə olduğunu, evdə heç kimin olmadığını, onun qollarına qandal vurulmadığını cavablandırıb. Eləcə də Fikrətə hər hansı bir işgəncə verilmədiyini deyib.
Sonra ifadə üçün hal şahidi İsrafili Həmzəyev dəvət olunub. Bu zaman vəkil Elçin Sadıqov saat 7-yə işlədiyini bildirərək, iş saatının bitdiyini xatırladıb. Vacib işi olduğu üçün getməli olduğunu bildirib. Hakim şahidin dindirilməsini israr etsə, də vəkil prosesi tərk edib. Digər vəkil də zalı tərk etdiyindən hakim prosesi dayandırmaq məcburiyyətində qalıb.
azadliq.info