Almaniya Türk Toplumu (ATT) təşkilatı 16 apreldə keçiriləcək referendumda Türkiyə Konstitusiya dəyişikliyinə rədd cavabı üçün “’xeyr” kampaniyası başladır.
Almaniyada 250-dən çox Türk dərnəyinin mərkəzi təşkilatı olan ATT-nin sədri Gökay Sofuoğlu prezident Ərdoğanın nəzərdə tutduğu Konstitusiya dəyişikliklərinin Türkiyəni demokratiyanın bütün təməl qanunlarından uzaqlaşdıracağını bildirib. O, “Avropa Türk Cəmiyyəti ölkəni tək adam rejiminə sürüyəcək hər cür cəhdi rədd edir” deyib.
Sofuoğlu “xeyr” kampaniyası çərçivəsində Almaniyada 9 Aprel tarixinə qədər təxminən 400 tədbir təşkil ediləcəyini açıqlayıb. O, Türk sənətçilərinin, iş adamlarının və alimlərin qatılacağı tədbirlərin Almaniyanın bütün əyalətlərinə yayılacağını vurğulayıb.
ATT-nin sədri Konstitusiya dəyişikliklərinin Türkiyəni bəzi Yaxın Şərq ölkələrindəkinə bənzər bir avtoritarizmə aparacağından narahatlığını dilə gətirib. Sofuoğlu Türkiyədə insan hüquqları pozuntularının yaşandığını, hökumətə müxalif olanların bütün vasitələrlə “terrorçu”, “vətən xaini “ adıyla aradan götürüldüyünü, bununla hökumətin cəmiyyəti böldüyünü söyləyib.
Almaniyada təxminən 1,4 milyon Türk seçici yaşayır. Almaniya Türk Cəmiyyəti üzvlərinin sayı, öz məlumatlarına görə, 50 mindən artıqdır.
azadliq.info