ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların nüvə potensialını artırmaq bəyanatı Rusiyada ciddi təşviş yaradıb.
Rusiya Federasiya Şurasının sədri Konstantin Kosaçev bildirib ki, Rusiya ilə ABŞ arasında imzalanan strateji hücum silahlarının azaldılmasına (CHB-3) dair sazişin bundan sonrakı taleyi təcili olaraq hər iki tərəfin yüksək vəzifəli şəxsləri səviyyəsində müzakirə edilməlidir.
Şura sədri xatırladıb ki, Tramp «Reuters»ə müsahibəsində CHB-3 sazişini birtərəfli adlandırıb. Həmçinin əlavə edib ki, bu, ABŞ-ın imzaladığı ən pis sazişlərdən biridir.
Kosaçevin sözlərinə görə, Tramp ilk dəfədir ki, ABŞ-ın nüvə potensialını artırmaq barədə danışır: «Trampın bu fikirlərinə əvvəlcə bir o qədər diqqət yetirilmədi. Lakin sonradan Ağ Evin rəsmisi Şon Spayser bəyan etdi ki, ABŞ nüvə sahəsində üstünlüyü kiməsə güzəştə getmək fikrində deyil».
Şura rəhbəri qeyd edib ki, CHB-3 Rusiya və ABŞ-ın nüvə gücünün paritet qaydada mövcudluğuna əsaslanıb. Bu, tərəflərdən hansınınsa nüvə sahəsində hökmranlığına imkan verməmək və qlobal strateji təhlükəsizliyi təmin etmək üçündür.
Qeyd edək ki, CHB-3 sazişi ABŞ və Rusiya tərəfindən 2010-cu ildə imzalanıb. Bir il sonra isə qüvvəyə minib.
«Sənədin icra müddəti 2021-ci ildə başa çatır. Əgər o vaxta qədər tərəflər növbəti addımlar haqda razılığa gəlməsə, nüvə silahının məhdudlaşdırılması üçün heç bir hüquqi akt mövcud olmayacaq», deyə Kosaçev əlavə edib.
Rusiya Federasiya Şurasının sədr müavini Viktor Ozerov də ABŞ-ın son açıqlamasından narahatlığını ifadə edərək deyib ki, əgər Vaşinqton CHB-3 sazişini rədd etsə, bu, Şimali Koreya kimi, nüvə silahına can atan dövlətlərə pis nümunə olacaq.
Rusiya Dövlət Dumasının komitə rəhbəri Vyaçeslav Nikonov isə bildirib ki, ABŞ nüvə arsenalını genişləndirməyə çalışsa, Moskva buna adekvat cavab verəcək.
Gültəkin