“The İndependent” qəzetinin yazdığına görə neft ölkəsi Venesuelada iqtisadi böhran o qədər sərtdir ki, ölkə əhalisinin 75 faizi orta hesabla 8 kiloqram arıqlayıb.
Bu barədə aparılmış araşdırmada deyilir ki, kəskin inflyasiya və ərzaq qıtlığı ilə bağlı indi venesuelalıların üçdə biri gündə yalnız bir, ya iki dəfə yemək yeyir.
Bu rəqəmləri ölkənin Yaşayış Şəraitinin Öyrənilməsi adlı ümummilli sorğu aşkara çıxarıb. Sorğunu Venesuela universitetləri keçiriblər.
Sorğu bunu da müəyyən edib ki, venesuelalıların 32 faizi, yəni 9, 6 milyon insan gündə uzağı iki dəfə yemək yeyir. Bu rəqəm 2015-ci ildən bəri 11, 3 faiz artıb.
Hazırda ölkədəki ailələrin 82 faizi yoxsulluq içində yaşayır və adamların 93 faizi gəlirlərinin onları doyunca yedirmədiyini söyləyir.
Venesuela 2014-cü ildə qlobal neft qiymətləri düşəndən bəri iqtisadi böhran yaşayır. Həmin vaxtdan bəri milli valyuta çöküb, inflyasiya isə 800 faiz artıb.
Bütün bunlar qiymət artımına səbəb olub və ölkəyə lazımi ərzaq məhsullarının gətirilməsinə əngəl törədib.
Buna görə də venesuelalılar getdikcə daha çox, nisbətən ucuz ərzaq olan kartofun ümidinə qalıblar.
Venesuela Tibb Müşahidəsi qrupundan Maritza Landaeta Fox News telekanalına deyib ki, venesuelalıların yemək vərdişləri 2014-cü ildən bəri xeyli dəyişilib. Əvvəllər onlar kartofdan daha çox düyü, düyü, çörək və xəmir xörəkləri yeyərdilər.
“Bir çox analar deyirlər ki, onlar öz uşaqlarına indi yalnız banan və balqabaq yedirdirlər” – deyib Landaeta.
İqtisadi problemlər və siyasi sabitsizlik prezident Nicolas Maduroya qarşı geniş etirazlara səbəb olub.
(bbc azəri)