Həbsdəki iş adamı: “Müqəddəs Sultanov var-dövlətimi istədi”
“Mən qanunsuz olaraq, 15 il cəza almışam. Bu cəzanı mənə Baş Prokurorluğun idarə rəisi Müqəddəs Sultanov vard-dövlətimi ələ keçirmək istədiyi üçün verdirib. Mən bəraət tələb edirəm. Dövlətin vəzifəsində oturub, bu cür qanunsuz əməllərlə məşğul olan adamlar qanun qarşısında cavablarını alacaq”. Bu sözləri Bakı Apelyasiya Məhkəməsində 15 il azadlıqdan məhrum edilən iş adamı İlham Qasımov özünün apelyasiya şikayətinə baxılarkən söyləyib.
Azadlıq.info-nun xəbərinə görə,”Gülağa Tənha” ləqəbli iş adamı Gülağa Qəmbərovun şikayəti əsasında həbs edilən iş adamı İlham Qasımov prosesdə günahsız olduğunu deyərək, bəraət tələb edib. Onun sözlərinə görə, hər şey Baş Prokurorluqda idarə rəisi çalışan dostu Müqəddəs Sultanovun onu Gülağa Qəmbərovla tanış etməsindən başlanıb: “Ailəliklə Türkiyədə istirahətdə idim. Müqəddəs Sultanov mənə zəng edib, təcili görüşmək istədiyini dedi. Bildirdi ki, yanında Rusiyadan gələn iş adamı var. Mən onun istəyi ilə Bakıya gəldim və orada tanış olduğum Gülağa Qəmbərovla üçümüz görüşdük. Müqəddəs Sultanov bildirdi ki, sənin Tibb Universitetinin yaxınlığındakı yerində şərikli bina tikək. Həmin dövrdə mən tikintini gələcək illərə planlamışdım. Növbəti görüşlərimizin birində restoranın qabağında yaxın bir dostumla qarşılaşdım. Onu təəccüb bürüdü ki, sən hara, Gülağa hara.. Dedim, nə məsələdir? Dedi, axşam danışarıq. Mən həmin dostumla söhbət etdim. Mənə anlatdı ki, bu şəxs vaxtilə OMON-nu maliyyələşdirib, Heydər Əliyevə qarşı çıxan qüvvvələrlə yaxın olub, onunla iş birliyi sənə problem yaradar. Sonradan da bildim ki, o axtarışda olub. Onu sabiq MTN rəhbəri Eldar Mahmudov ölkəyə gətiriib, şərikli iş qurub. Mən bunları Müqəddəs Sultanova danışdım. Hətta bildirdim ki, sənə də məsləhət görmürəm ki, onunla yaxınlıq edəsən. Amma Müqəddəs Sultanov bildirdi ki, hər şey keçmişdə qalıb. Mən yenə da razılaşmadım. Bununla bağlı mübahisələrimiz, danışıqlarımız xeyli çəkdi. Mən sonradan qərara aldım ki, “REAL” MTK-dakı payımı satım. «Real MTK»dakı payımın 45%-ni Gülağa Qəmbərovun arvadı Şəhla Rüstəmovaya, və 10%-ni isə Müqəddəs Sultanovun arvadı Təranə Əliyevaya sataraq, kooperativ üzvlüyündən çıxdım. Hətta Müqəddəs Sultanovun oğluna sahəsi 151 km olan 3 otaqlı mənzil verdim. Bu adamlar sonradan var-dövlətimi ələ almaq üçün oyunlar qurdular. Və bu oyunların nəticəsində mən həbs edildim”.
Bu arada hakim İlham Qasımovdan “Müqəddəs Sultanov və Gülağa Qəmbər nədən, səndən alıdqları hissələri həyat yoldaşlarının adına sənədləşdilər” deyə soruşub. Bun savabında İlham Qasımov bildirib ki, Müqəddəs Sultanov prokurorluğun generalıdır və istəmir ki, adı biznesdə çəkilsin: “Həmçinin, Korruspiyaya Qarşı Mübarizə Haqqında qanununda da göstərilir ki, vəzifəli şəxs biznes fəaliyyəti ilə məşğul ola bilməz”.
Prosesdə çıxış edən İlham Qasımovun vəkilləri Tariyel İbrahimov və Səyyad Məmmədov apelyasiya şikayətini müdafiə edərək, İlham Qasımova bəraət verilməsini tələb edib. Vəkillər bildirib ki, eyni tələb üzrə qarşı tərəf Binəqədi rayon Məhkəməsində mülki iddia qaldırıb və bu iddia İlham Qasımovun xeyrinə qətnamə ilə nəticələnib.
Bundan başaqa vəkillər İlham Qasımovun 15-20 il əvvəl əldə etdiyi əmlaklarına qoyulan həbslərin də qanunsuz olduğunu deyib.
Proses gələn həftə davam edəcək.