Türkiyənin tanınmış jurnalistlərindən biri, hazırda “Sözçü” qəzetinin köşə yazarı olan Yılmaz Özdil Azərbaycanda 1-ci vitse-prezident təyinatı ilə bağlı məqalə yazıb. Məqaləni təqdim edirik:
Azərbaycan prezidenti xanımı Mehriban Əliyevanı 1-ci vitse-prezident təyin edib. Həyat yoldaşına bir şey olarsa, Azərbaycanı Mehriban Əliyeva idarə edəcək.
Ölkə atasının malı idi, “kupça”sını həyat yoldaşının adına rəsmiləşdirib. İdarəetmə tək əldə cəmləşmişdi, indi tək evdə cəmləşəcək.
Çünki…
Əbülfəz Elçibəy Azərbaycanın bir gün müstəqil olacağına, xalq hakimiyyətinə söykənəcək demokratik bir respublika olacağına inanırdı. İdarəçilik modeli Mustafa Kamal idi. Mən “Atatürk əsgəriyəm” deyirdi.
Həbs edildi, 1,5 il həbsdə yatdı. KQB zindanlarında, daş yuvalarda ağır şərtlərə baxmayaraq həyatda qaldı. “Çox işgəncə gördüm, çox əziyyət verdilər, heç biri məni yandırmadı, ama bir Atatürk rozetim var idi, onu aldılar, o məni yandırdı” deyirdi.
Həbsdən çıxar çıxmaz müstəqillik uğrundakı mübarizəsinə qaldığı yerdən davam etdi. Azərbaycan Xalq Cəbhəsini qurdu. Bir tərəfdən müstəqillik, bir tərəfdən də Ermənistana verilən torpaqlar üçün mübarizə apardı. SSRİ dağılandan sonra Azərbaycanın prezidenti oldu. İlk rəsmi səfərini Türkiyəyə etdi, Anıtqəbirə getdi, şərəf dəftərinə “ən böyük türkün böyük komutanı, səni ziyarət etməklə, özüm və bütün millətim adına şərəf duydum” deyə yazdı və eyni ilə belə imza atdı: “Sənin əsgərin Əbülfəz Elçibəy”
Anıtqəbirdən sonra TBMM-ə getdi, kürsüyə çıxdı, millət vəkillərinə xitabən eyni ilə bunları dedi: “Biz mübarizəyə başlayarkən məndən soruşdular ki, nə edeəcəksiniz. Onlara dedim ki, yolumuz Mustafa Kamalın yoludur, demokratik dövlət quracağıq”.
Belə bir yurdsevər, belə bir demokratiya aşiqi idi… Sözdə deyil, əməldə Atatürkçü idi.
Atatürk islahatlarını Azərbaycanda da reallaşdırmağa başladı, kiril əlifbasından latın əlifbasına keçdi, dövlətin rəsmi dilini türk dili etdi, rubldan manata keçdi, milli valyuta yaratdı, rus ordusunu Azərbaycandan çıxardı, neft və qaza dair milli mənfəətlər çərçivəsində müqavilələr imzaladı. Azərbaycan xalqı tarixi bir xəta etdi. Əbülfəz Elçibəyin yanında dayanmaq əvəzinə, qorxuya boyun əydi, basqıya, şiddətə təslim oldu.
Halı ilə düyməyə basıldı, Elçibəydən təcili xilas olmaq lazım idi.
İşbirliyi içində olan hərbçilər arasında hərəkətlənmə başlandı. Ölkə xaosa məcbur edildi. Elçibəy telefonla Türkiyədən kömək istədi. Ama xəyal qırıqlığına məruz qaldı. Çünki Ankara tükünü belə tərpətmədi. Nə silah verdi, nə pul verdi, nə də diplomatik dəstək verdi. Əcaib bir vəziyyət idi.
Elçibəy hələ bilmirdi, amma ABŞ-ın qucağında oturan Türkiyə hökuməti çoxdan müstəqil Azərbaycanı satmışdı. Elçibəyə şəxsən Ankara tərəfindən məsləhət verdilər ki, “Heydər Əliyevi vəzifəyə dəvət et, məclis sədri et, rusları yaxından tanıyır, çox təcrübəlidir, etirazçıları sakitləşdirsə o, sakitləşdirəcək”.
Heydər Əliyev KQB generalı idi və 20 il SSRİ-də millət vəkilliyi etmişdi. Qarbaçov tərəfindən vəzifədən çıxarılmışdı, Naxçıvanda Yeni Azərbaycan Partiyasının sədri idi. Elçibəy çarəsiz idi, demək olar ki, məcbur idi. Heydər Əliyev məclis sədri oldu və tələ tamamlandı. Heydər Əliyev kresloya oturar-oturmaz separatçılarla razılaşdı, münaqişəni daha da alovlandırdı və ölkə xaos vəziyyətinə gətirildi. Atatürkün əsgəri tək buraxıldı. Geri çəkilməyə məcbur oldu.
Çevriliş nəticəsində ölkə tək adama buraxılmışdı.
Heydər Əliyev prezident oldu, çevriliş edən polkovniki baş nazir təyin etdi. Bismillah etməmiş ilk olaraq Elçibəyin müqavilə bağladığı neft-qaz razılaşmalarını ləğv etdi. Azərbaycanın sərvətlərini ingilis, amerikan və ruslar arasında peşkeş etdi.
Elçibəy 61 yaşında gözlənilmədən GATA-da vəfat etdi. Dəfn mərasimində 1 milyon insan iştirak etdi, amma iş-işdən keçmişdi. Hakimiyyət artıq xalqın deyildi. Bundan sonra keçiriləcək olan seçkilər ancaq formal xarakterli olacaqdı. Azərbaycan xalqı kimə səs verirsə versin, Heydər Əliyev 80 faiz, 90 faizlik nəticələrlə prezident seçildi və 10 il ölkəni təkbaşına idarə etdi. Öləndən sonra da hakimiyyəti oğluna ötürdü. Oğlu da 14 ildir hakimiyyəti təkbaşına idarə edir. Həyat yoldaşı Mehriban Əliyevanı daha əvvəl millət vəkili, iki gün öncə isə 1-ci vitse-prezident təyin etdi. Yəqin ki, Mehriban da hakimiyyəti ya qızına, ya da nəvəsinə ötürər…