Hökumətin “FOX” rüsvayçılığı

Ölkədəki eybəcər vəziyyət necə etiraf edildi?

Etiraf edək ki, ölkədəki real vəziyyəti ən yaxşı ifşa edən hökumət özüdür. Azərbaycanda müstəqil mətbuatın olmadığı, repressiyaların hökm sürdüyü, tənqidçi kəsimin təzyiqlərə məruz qaldığı hamıya aydındır. Amma hökumət hər dəfə qanunun aliliyindən dəm vurur, müstəqil mətbuatın çiçəklənməsindən danışır, tolerantlıq təbliğatı aparır. Yəni, bütün dünyaya sübut etmək istəyirlər ki, ölkə müxalifəti qərəzlidir, dövlətimizin inkişafını həzm etmir, hökumətin humanizmini şübhə altına alır.
Amma son baş verənlər hökumətin növbəti özünüifşası oldu və Azərbyacanda yüzlərlə siyasi məhbusun olduğunu təsdiqlədi. Belə ki, ölkə başçısının vitse-prezidentlik postuna öz xanımını təyin etməsi ölkə daxilində olduğu kimi, ölkə xaricində də birmənalı qarşılanmadı. Türkiyənin “FOX” kanalı bu təyinatı ironiya ilə qarşıladı, tənqidi jestlər etdi və sülalə hakimiyyətinə keçid kimi qiymətləndirdi. Bundan sonra hökumətin əsəbləri dözmədi və “FOX” kanalının Azərbaycanda yayımı dayandırıldı. Bəli, bir telekanalın 3 dəqiqəlik tənqidinə hökumət duruş gətirmədi. Təkcə bu fakt hökumətin azad sözə, tənqidi fikrə münasibətini aydın şəkildə göstərir. Əgər Türkiyə kanalının tənqidinə belə reaksiya verilirsə, Azərbaycanda tənqidi fikir səsləndirənlərin həbs olunması, şantaj edilməsi şübhə doğurmur. Bundan sonra hökumət Azərbaycanda azad sözə basqının olmadığını necə sübut edə bilər? Hansısa müstəqil mətbuatın, telekanalın varlığından necə danışmaq olar? Azərbaycanın hansısa telekanalında İlham Əliyevin təyinatına tənqidi reaksiyanı görmək mümkündürmü?
Demək istəyirik ki, hökumət “FOX” telekanalının ölkədə yayımına qadağa qoymaqla ölkədə avtrotarizmin hökm sürdüyünü, qanunların bir ailənin maraqlarına tabe edildiyini təsdiqlədi. Eyni zamanda beynəlxalq təşkilatların hesabatlarının, nüfuzlu nəşrlərin analizlərinin həqiqiliyini üzə çıxartdı. Əgər “FOX”kanalının həmin əməkdaşı Azərbaycanda olsaydı, cibinidən narkotika çıxmaq ehtimalı böyük olardı. Təkcə son 1 həftə ərzində 10 nəfər cəbəhçi gənc tənqidi fikirlərinə görə həbs olunub. Bu hökumət yalnız tərifi xoşlayır, hüquqsuzluqlara haqq qazandıranları mükafatlandırır. Yəni, istəyirlər ki, bunların fokuslarını heç kim ifşa etməsin. İstənilən halda “FOX” kanalının ölkədə yayımının dayandırılması, hökumətin növbəti rüsvayçılığıdır.

Samir