Keçən il Azərbaycana gələn əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1 faiz artaraq 2 248,8 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Azərbaycana səfər edənlər arasında Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin vətəndaşları var.
Ümumilikdə isə, 2015-ci il illə müqayisədə 2016-cı ildə Azərbaycana gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. İraq vətəndaşlarının sayı 30 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2 faiz, Misir vətəndaşlarının sayı 51,8 faiz, Çin vətəndaşlarının sayı 44,5 faiz artıb.
Azərbaycanda turizm sektorunun inkişafının qonşu MDB ölkələrindən xeyli geri qalması aydın olan məsələdir. Ölkənin şimal bölgəsinin qış turizm obyektlərinə son illər artan maraqla müqayisədə, ölkəmizin yay turizm obyektlərinə olan maraq dəfələrlə azdır. Bunun da bəlli səbəbləri var. Azərbaycanın turizm sektorunda olan real qiymətlər xidmətin səviyyəsiylə uzlaşmır. Qiymətlər baha olsa da, təklif edilən xidmət səviyyəsi ona adekvat deyil.
Ekspertlər bundan başqa, turizm sektorunda olan problemlərdən biri kimi, ölkəyə ərəb turistlərinin axınından da narahatlıqlarını dilə gətirirlər. Çünki müharibə şəraitində olan ölkələrdən bura gələn ərəblərin hamısının Azərbaycanın bahalı turizm məkanlarında qalmaq imkanları yoxdur. Bu baxımdan, onların ölkəmizdən tranzit kimi istifadə etməsi də tam mümkündür. Ölkə əhalisinin təhlükəsizliyi mənasında, Azərbaycana gələn turistlərin məqsəd və niyyətinin incələnməsi ğünün aktual problemlərindəndir.
Nigar