Vaxtilə Moskvada taksi sürücüsü kimi fəaliyyət göstərən, 2010-cu ilin mayında orada tutulub, hökm çıxarılandan sonra Azərbaycana təhvil verilən Əli Qasımov hələ də həbsxanadadır. Hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
Anası Sevda Qasımova isə deyir ki, oğlu 7 ildir günahı olmadan əzab çəkir. Ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya və Əfv Komissiyasına müraciət edən ana yazır ki, oğlunun həbsində Rusiya Dövlət İstintaq Komitəsinin generalı N.E.Mirzoyansın birbaşa rolu olub.
Əli Qasımov 2010-cu il mayın 30-da Moskvada milliyyətcə tacik olan, yetkinlik yaşına çatmamış bir nəfərlə tutulub. Tacikistan vətəndaşı tərbiyə müəssisəsinə göndərilib.
Əli Qasımov həmin o taciklə qrup şəklində külli miqdarda narkotik satışı və qaçaqmalçılığında günahlandırılıb və Domodedovo şəhər məhkəməsinin hökmü ilə 13 il həbs cəzası alıb.
Bu cəzanın 3 il 10 ayını Rusiyada çəkəndən sonra 2014-cü ilin martında Azərbaycana təhvil verilib. Bundan sonra Penitensiar Xidmət Əli Qasımov haqqında hökmün tanınması və yerli qanunvericiliyə uyğun tənzimlənməsi üçün təqdimatla məhkəməyə müraciət edib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona verilmiş ittihamları Azərbaycan Cinayət Məcəlləsinə uyğunlaşdırmaqla, 11 il cəza təyin edib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
“Oğlum 7 ildir həqiqətin araşdırılmamasından əziyyət çəkir”
Sevda Qasımova deyir ki, Azərbaycan məhkəmələri oğlunun işinə mahiyyəti üzrə baxmayıb, araşdırmayıb, sadəcə, uyğunlaşma aparıb.
“Əgər araşdırılsaydı, görünərdi ki, Əli Qasımov taksi sürücüsüdü və o Tacikistan vətəndaşını da sərnişin kimi maşınına mindirib. O, həbsindən əvvəl də uzun müddət idi ki, sərnişin daşımaqla pul qazandırıb ailəsini dolandırırdı. Bu adam hardan bilsin ki, sərnişinin cibində nə var?! Tacikistan vətəndaşını izləyiblərmiş, onu tutanda mənim oğlumu da saxlayıblar. Bu işi aparanlardan biri Rusiya Dövlət İstintaq Komitəsinin generalı Mirzoyans olub. O, milliyyətcə ermənidir. Onun əlinə bir azərbaycanlıdan qisas almaq üçün fürsət düşüb və bundan da istifadə edib. Oğlumu heç bir günahı olmadan uzunmüddətli həbsə göndərib. Oğlum 7 ildir ki, həqiqətin araşdırırlmamasından əziyyət çəkir”, – anasının sözləridir.
Əli Qasımov özü də məhkəmədə söyləyib ki, erməni generalın qərəzi üzündən həbs olunub. Dediyinə görə, generalın iştirakı ilə verilən işgəncələr nəticəsində etiraf xarakterli, əslində isə həqiqətə uyğun olmayan ifadəyə imza atmaq məcburiyyətində qalıb.
Sevda Qasımova deyir ki, oğlu Azərbaycana təhvil veriləndən sonra həbsxanada əməliyyat olunub, səhhətində ciddi problemlər var: “Həqiqəti üzə çıxarmasalar da, heç olmasa, xəstə balamın əfv sərəncamı ilə azadlığa buraxılmasına imkan verilsin”.
Ağır cəza
Əli Qasımovun vəkili Bəxtiyar Hacıyev də hesab edir ki, onun məhkum olunması haqda hökmdə mötəbər sübutlar yoxdur. Müdafiəçinin sözlərinə görə, hətta təqsiri olsaydı belə, Əli Qasımova verilən daha ağırdı: “Əli Qasımovun ilk məhkumluğudur. Azərbaycanda ona verilmiş maddələrlə təyin edilən cəzalar adətən 7-9 ildən çox olmur”.