Gözəl Bayramlı: “Elnur Fərəcov uzun müddətdir nəzarətdə idi və onun həbsi eyni ssenarinin davamıdır”
DİN şərlənərək həbs olunmuş cəbhəçi gənc Elnur Fərəcovla bağlı bəyanat yayıb. Bəyantda deyilir ki, Elnur Fərəcov narkotik maddələrin satışında şübhəli bilinib və hal şahidlərinin iştirakıyla üzərində baxış keçirilərkən cibində 14 qram narkotik maddə aşkar edilib. Göründüyü kimi, DİN mətbuat xidməti Elnur Fərəcovun həbsinin siyasi olmadığını iddia edir.
Amma bəzi faktlar onu deməyə əsas verir ki, Elnur Fərəcov bundan əvvəl də siyasi faəliyyətinə görə həbs olunub və təzyiqlərlə üzləşib. Belə ki, Elnur Fərəcov ilk dəfə 2010-ci ilin parlament seçkiləri ərəfəsində həbs olunub. Buna səbəbsə AXCP-nin Neftçaladan olan namizədi Əflatun Əhmədzadənin təbliğat kampaniyasında fəal iştirak etməsi olub. Daha sonra Elnur Fərəcov 2016-cı ilin sentyabrında, Milli Şuranın mitinqindən bir gün öncə saxlanılaraq 5 sutka həbs cəzası alıb. Bütün bunlarla bağlı mətbuatda da geniş məlumat dərc olunub və həmin məlumatları aşağıdakı linklərdən oxuya bilərsiz. Yaxşı olar ki, DİN-də bəyanat verməzdən öncə bu faktlara nəzər salaydı.
https://www.azadliq.info/169619.html
https://www.azadliq.org/a/2209247.html
http://virtualaz.org/bugun/78917
http://musavat.com/…/NEFT%C3%87ALA-POLISI-MUSAVAT%C3%87ININ…
http://avropa.info/news/126310.html
http://m.islaminsesi.az/neftcalada-5-sutka-hebs-cezasi-alan
AXCP sədrinin müavini Gözəl Bayramlı “Azadlıq”a açıqlamasında bildirib ki, Elnur Fərəcov uzun müddətdir Neftçala polisinin nəzarətində olub və ona qarşı təzyiqlər 2010-cu ildən start götürüb: “Elnurun son həbsi də xüsusi planın nəticəsində baş tutub. Belə ki, onu tanıdığı adam vasitəsilə evdən çıxarıblar və bu ssenarini reallaşdırıblar. Ona qarşı dəfələrlə təzyiqlər olub, hətta bacısını da polisə aparıb hədə-qorxu gəlilblər. DİN-in belə bir bəyanat yayması təəccüblü deyil. Onların kitabında 17 sentyabr öncəsi polis idarələrinə dəvət olunan 253 cəbhəçi də, bu gün həbsdə olan 10 cəbhəçi də cinayətkardı. Amma reallığı hamı bilir, nə ölkə ictimaiyyətini, nə də beynəlxalq aləmi bu saxta ittihamlara inandırmaq mümkündür”.
Xatırladaq ki, Elnur Fərəcov 2016-cı il dekabrın 9-da şərlənərək həbs olunub. Ona Cinayət Məcəllsinin 234.2 maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) cinayət işi qaldırılıb.