Fevralın 21-də Ali Məhkəmədə AXCP Babək rayon şöbəsinin həbsdə olan fəalı Zeynalabdin Bağırzadənin kassasiya şikayətinə baxılıb.
Məhkəmədə Zeynalabdin Bağırzadə özü iştirak etməyib. Ona görə də, vəkili Fəxrəddin Mehdiyev onun iştirakının təmin olunması haqda vəsatət qaldırıb. Deyib ki, Bağırzadə özü də Ali Məhkəməyə məktub göndərərək, prosesdə iştirak etmək istədiyini göstərib: «Elə məqamlar var ki, birinci instansiyada və apellyasiya məhkəməsində işə baxılarkən onlara əhəmiyyət verilməyib. Zeynalabdin Bağırzadə özü Ali Məhkəmədə o məsələləri diqqətə çatdırmaq istəyir».
Məhkəmə prosesinə sədrlik edən Gülzar Rzayeva deyib ki, onlara Bağırzadənin məktubu daxil olmayıb. Onun iştirakı haqda vəsatət də təmin olunmayıb.
XEYRİNƏ OLAN İFADƏLƏR NƏZƏRƏ ALINMAYIB
Fəxrəddin Mehdiyev Zeynalabdin Bağırzadənin siyasi baxışlarına görə siyasi sifarişlə həbs olunduğunu deyib. Bəraətverici əsaslarla onun haqqındakı cinayət işinə xitam verilməsini istəyən vəkil iş materiallarındakı ziddiyyətləri sadalayıb. Bildirib ki, aşağı instansiya məhkəmələrində bu işə baxan hakimlər Zeynalabdin Bağırzadənin xeyrinə olan şahid ifadələrini nəzərə almayıb, onları özünümüdafiə xarakterli hesab edib. Amma əleyhinə olan ifadələrdən sübut kimi istifadə olunub: «Qonşular ifadələrində bildiriblər ki, onlar dəfələrlə Sosial Müdafiə Fondunun işçilərinin Zeynalabdin Bağırzadənin evinə gəlib təhqiramiz ifadələr işlətməsinin şahidi olublar. Nədənsə, bu ifadələri məhkəmələr nəzərə almır, amma Fondun əməkdaşı olan zərərçəkmişin iş yoldaşlarının ifadələrini mötəbər sübut kimi qəbul edir. Onlar iddia edirlər ki, Bağırzadənin xəsarət yetirməsinin şahidi olublar».
Dövlət ittihamçısı Orxan Dəmirli kassasiya şikayətinin təmin olunmamasını istəyib.
Qısa müşavirədən sonra Gülzar Rzayevanın sədrlik etdiyi hakimlər kollegiyası Naxçıvan MR Babək Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanıldığını elan edib.
Vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklər.
XATIRLATMA
AXCP fəalı 2016-cı il fevralın 2-də Babək rayon Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan mərhum edilib. Naxçıvan Ali Məhkəməsi hökmdən verilmiş apellyasiya şikayətini təmin etməyərək qüvvədə saxlayıb.
O, dövlət qulluqçusuna zor tətbiq etməkdə (CM-nin 315-2-ci maddəsi) günahlandırılıb.
Z.Bağırzadə 2015-vi il noyabrın 16-da saxlanıb. Yaxınlarının dediyinə görə, Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları onun xanımına etikadan uzaq söyüşlər söyüblər. Z.Bağırzadə bununla bağlı Fonda gedərək həmin adamları tapıb, həyətindəki hadisəyə görə etirazını bildirib. Daha sonra bununla bağlı prokurorluğa şikayət ərizəsi verib. Sonra isə iş Z.Bağırzadənin özünün əleyhinə çevrilib.
Z.Bağırzadə bundan əvvəl də həbs edilmişdi. O, 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Buna səbəb kimi Çernobıl qəzası ilə bağlı əlliliyi saxta alması, səlahiyyət həddini aşması, sənədləri saxtalaşdırması göstərilirdi. 7 il yarım şərti cəzadan qalan hissə indiki cəzanın üstünə gəlməklə o, 8 il azadlıqdan məhrum edilib.
Hüquq müdafiə təşkilatları Z.Bağırzadəni siyasi məhbus sayırlar.
Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyir ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.