Şəkidə AXCP fəallarına qarşı son 10 gündür davam edən polis hücumları daha idbar hal alıb. Şöbə fəalı Rauf Əbdürrəhmanlının rayonda yaşayan valideynlərinin evinə gedib “Rauf gəlməsə evdən çıxmayacağıq” deyən polis məmurları ona təzyiq məqsədilə bacısına şantaj, hədə tərkibli zənglər də edirmişlər. Bununla bağlı müvafiq qurumlara şikayətlər isə nəticəsiz qalıb. Rauf Əbdürrəhmanlı bu barədə facebook səhifəsində məlumat yayıb.
AXCP Şəki şöbəsinin keçmiş sədri Əbdürrəhamnlı yazır ki, 2 ay bundan qabaq bacısı Gültəkin Hacıyeva açıq nömrədən gələn zəngə cavab verərkən, eşitdiyi qardaşının ünvanına nalayiq ifadələr olur. Və bu zənglər davamlı olur. Aildən bu barədə Bakıda yaşayan Raufun özünə məlumat verməsələr də DİN-in 102 xidmətinə, Rayon Polis Şöbəsinə şikayət edirlər. Amma heç bir tədbir görülmür, əksinə, Gültəkin Hacıyevaya təhqir və hədə zəngləri daha da artır. Nəticədə qadın bezir və intihar etmək istəyir. Xoşbəxtlikdən, oğlu həmin vaxt məktəbdən tez qayıdır və qadının özünü dəm qazında boğub öldürmək cəhdinin qarşısını alır. Gültəki Hacıyeva xəstəxanaya yerləşdirilir və bir neçə gün xəstəxanada qalır.
Rauf Əbdürrəhmanlının yazdığına görə, intihara cəhd hadisəsinə görə cinayət işi açılır, Gültəkin Hacıyeva hadisənin səbəbini nəql edir və işin arxasında polisin durduğundan şübhələndiyini deyəndə müstəntiq tərəfindən də təhdid olunur.
Rauf Əbdürrəhmanlı daha sonra qeyd edir ki, baş verənlər, o cümlədən ata evinə edilən polis reydləri siyasi fəaliyyəti ilə əlaqədar bilavasitə onun özünə qarşı yönəlib.
Əbdürrəhmanlı sonda aidiyyatı qurumlara üz tutaraq, özünün və ailəsinin təhlükəsizliyinə təminat tələb edir.