Yaxud, iki generalın Bakı səfərindəki təsəlli
Biz hər dəfə ölkədəki problemləri qabardanda, yanlış addımları tənqid edəndə ənənvi ittihamla qarşılaşmışıq. “Müxalifət hər şeyi qara rəngdə görür”, “müxalifət uğurları görmür” deyərək, qışqırıq salıblar. İstəyiblər ki, manatın 150 faiz dəyər itirməsini, ərzaq məhsullarının 50 faiz bahalaşmasını, kommunal xərclərin sürətlə artmasını görməzdən gələk, əvəzində 10 manat maaş artımının sevinciylə yaşayaq, Lapşinin ölkəyə gətirilməsini bayram edək, 24 il öncə işğaldan azad edilmiş Cocuq-Mərcanlı kəndinə görə hökumətə tərif yağdıraq və.s
Bəli, hökumətin istədiyi budur ki, bu qədər qara bolluğunda ağın solğun parıltısından danışaq. Biz isə 116 manat minimum əməkhaqqı alan vətəndaşın qara gününü kənara qoyub, Ledi Qaqaya 1 milyon dollar qonarar verilməsini “ağ rəng” kimi qəbul edə bilmərik.
Hökumət problemləri həll etmək, tənqiddən nəticə çıxarmaq əvəzinə, uğursuzluq boluğundan “uğur” axtarışına çıxıb.
İndi də özlərinə yeni “uğur faktı” tapıblar. Bir neçə gündür telekanallar, rejim mətbuatı, sinəsi medallı ağsaqqallar iki generalın ölkəyə gəlməsini bayram kimi qeyd edirlər. Sən demə, ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Jozef Dunfordla Rusiya Federasiyasının baş qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşməsi uzaqgörən siyasətin nəticəsiymiş.
Xatırladaq ki, Valeri Gerasimov “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” , “Bakı Rusiyanın quberniyası olmalıdır”, “Qafqazda ən əsas müttəfiqimiz Ermənistandır” deyənlərin ölkəsindən gəlib. Jozef Dunford isə AzTv-nin hər gün ağır ittihamlarla yad etdiyi, hökumət sözçülərinin terorrda, ksenofobiyada, ermənipərəstlikdə günahlandırdığı ölkədən təşrif buyurub. Ölkədə uğursuzluq o qədər boy atıb ki, Bakıda iki ölkənin generalının görüşməsi, hansısa bloggerin Azərbaycana ekstradasiya edilməsi, hansısa tanınmayan jurnalın hökumətimiz haqqında iki cümləlik tərif yazması mühüm təsəlliyə çevrilir.
Məsələ burasındadır ki, generallar Bakıya Qarabağ danışığı aparmağa, atəşkəs rejiminin pozulmasının qarşısını almağa, Dilqəmlə Şahbazın azadlığını təlbə etməyə, BMT-nin qətnamələrini qüvvəyə mindirməyə gəlməyiblər. Sadəcə olaraq, görüş yeri kimi Azərbaycanın seçilməsi məqsədəuyğun olub. Biz bu görüşün Azərbaycanda keçirilməsini mənfi hal kimi qəbul etmirik, sadəcə olaraq bundan böyük uğur dastanı düzəldib, cəmiyyətə yalançı ümidlər verməyin əleyhinəyik. Fakt budur ki, Qarabağ münaqişəsinin həllinə əngəl törədən Rusiyadır və bu ölkə Ermənistana dəstəyini hər gün açıq şəkildə ifadə edir. Bundan sonra Rusiyadan Bakıya hər gün 8 general gəlsə də, nəticə dəyişməyəcək. Çünki, Rusiya status-kvonun saxlanmasında maraqlıdır və buna görə hər vasityə əl atmağa hazırdır.
Xülasə, bu ölkəyə Avropa Oyunları da gəlmişdi, amma Avropa təhsili, Avropa səhiyyəsi, Avropa demokratiyası gəlmədi. Bugün də Azərbaycana xeyli mötəbər qonaqlar gələ bilər, amma ölkəyə normal idarəçilik gəlməyincə heç bir müsbət nəticə olmayacaq.
Fakt budur ki, ölkədə ağır vəziyyət hökm sürür, hökumət real islahatlar aprmaq iqtidarında deyil və ölkəni daha ağır böhran gözləyir. Kimlərinsə gəliş-gedişiylə, kimlərinsə həbsiylə ölkəni xilas etmək mümkün deyil. Bu mövsümi uğurlar yalnız hökumət üçün təsəlli ola bilər. Sağlam ayağımıza baxıb təsəlli tapmaq yox, yaralanmış ayağımızı müalicə etmək laızmdır. Çünki, qabaqlayıcı tədbirlər görməsək, yara çirk eləyib bütün orqanizmi xəsətləndirəcək.
Biz hər şeyi qara rəngdə görümürük, ölkənin ağ rəngə qovuşması üçün qaralmış yerlərin ağardılmasını təklif edirik.
İlham