Almaniyada keçirilən G20 sammiti çərçivəsində ABŞ dövlət katibi Reks Tillerson Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Tillerson Lavrova açıq mesaj verib ki, ABŞ Rusiya ilə əməkdaşlıq imkanlarını istisna etmir. Lakin bu məsələdə öz maraqlarını ön planda tutacaq:
“Namizədliyimin Senatda təsdiqi zamanı da açıq şəkildə bildirmişdim ki, Birləşmiş Ştatlar Rusiya ilə əməkdaşlıq imkanlarına yenidən baxacaq. Lakin bu o vaxt baş verəcək ki, biz Amerika xalqının xeyrinə olan qarşılıqlı fəaliyyət sahəsi tapmış olacağıq».
Tillerson Lavrovun diqqətinə çatdırıb ki, fikir ayrılıqları olan məsələlərdə ABŞ özünün və müttəfiqlərinin maraqlarını əsas götürəcək.
Dövlət katibi onu da əlavə edib ki, Rusiyadan Minsk sazişinin icrası və regionun sabitliyi istiqamətində addımlar gözləyir.
Sergey Lavrov görüşlə bağlı açıqlamasında bildirib ki, tərəflər maraqlarının üst-üstə düşdüyü məsələlər, məsələn terrorizmə qarşı mübarizəyə dair razılığa gəliblər.
“Əfqanıstandakı, Ukraynadakı vəziyyəti müzakirə etdik. ABŞ bu münaqişələrin uzanmaması üçün səylərini artırmaqda maraqlıdır».
Qeyd edək ki, NATO-nun Brüsseldə baş tutan görüşündə Pentaqonun rəhbəri Ceyms Mattis bəyan etmişdi ki, ABŞ hazırda Moskva ilə hərbi əməkdaşlığı düşünmür.
Gültəkin