“Azadlıq”ın yayım direktorunu ev dustaqlığına buraxmaqdan Apellyasiya məhkəməsi də imtina etdi
“Prezidentin alternativ cəzaların tətbiqi ilə bağlı sərəncamından üç gün keçib, amma göründüyü kimi, əməl olunmur”, – “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin vəkili Aqil Layıcov hüquqlarını müdafiə elədiyi şəxs haqda qərara belə münasibət bildirib.
Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində Faiq Əmirlinin səhhətindəki problemlərlə əlaqədar həbsdən ev dustaqlığına buraxılması haqda şikayətə baxılıb. Şikayət Faiq Əmirlini ev dustaqlığına buraxmaqdan imtina edən Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi.
Qapalı keçirilən məhkəmə iclasında Faiq Əmirli özü də iştirak edib. Məhkəmədən sonra vəkil Aqil Layıcov “Azadliq”a bildirib ki, Faiq Əmirlinin yetərincə arqumentlər ortaya qoysalar da, məhkəmə apellyasiya şikayətini təmin etməyib.
Amma müdafiəçi Faiq Əmirlinin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün gələn həftə yenidən məhkəməyə vəsatət vermək niyyətindədi: “Faiq Əmirli həbsdən buraxılmayınca, biz də hər həftə məhkəməyə müraciət edəcəyik”.
Vəkilin sözlərinə görə, məhkəmədə Faiq Əmirli özü də çıxış edib. Deyib ki, verilmiş ittihamın ona qətiyyən aidiyyəti yoxdur. Aqil Layıcov hesab edir ki, işə baxan hakimlərin özləri də bunu yaxşı bilir:
“Düşünürəm ki, bu işlə bağlı hakimlərin daxili inamı ilə verdikləri qərar bir-birindən tamam fərqlidi”.
Faiq Əmirlinin səhhətindəki problemlərdən danışan müdafiəçi deyir ki, onun müalicəsinə təşəbbüs göstərilmir. Bu da problemin dərinləşməsinə səbəb olur.
F.Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar vermişdi. Sonradan onun həbs müddəti yenidən artırılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu ABŞ-da yaşayan Fətullah Gülən tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edib.
AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirir.
“Azadlıq” qəzeti hesab edir ki, Faiq Əmirlinin həbsi həm də qəzetin susdurulmasına hesablanmış addım idi. Təsadüfi deyil ki, Faiq Əmirlinin həbsindən bir müddət sonra «Azadlıq» qəzetinin çapı da dayanıb.