İngiltərə hökuməti ABŞ prezidenti Donald Trampın ölkəyə səfərinin ləğv edilməsi ilə bağlı başladılan imza kampaniyasına mənfi cavab verib.
Bu kampaniyaya 1,8 milyondan çox insan imza atmış və onlar səfərin “Kraliçanı utandıracağını” bildirmişdilər. Səfərin reallaşması üçün başladılan digər bir kampaniya isə yalnız 309 min dəstəkçi toplaya bilmişdi.
Tereza Mey hökuməti “ziyarətin ləğvi kampaniyasına” verdiyi cavabda münasibətini belə ifadə edib: “ABŞ prezidentinin bu rəsmi səfəri üçün gərəkli olan hər şey təmin edilməlidir. Bu dəvət, ABŞ və Birləşmiş Krallıq əlaqələrinin əhəmiyyətini göstərməkdədir.” Açıqlamada dəvətin tarixinin də hələ tam dəqiqləşmədiyi bəyan edilib. Müdafiə naziri Maykl Fallon da BBC-yə verdiyi açıqlamada bunları deyib: “Hökumət ən yaxın müttəfiqimiz və iqtisadi tərəfdaşımız Amerika Birləşmiş Ştatları ilə yaxşı əlaqələrə görə məsuldur. Bir demokratiya üçün başqa bir ölkənin demokratik seçki nəticələrini qəbul etmək də əhəmiyyətlidir.”