Qardaşlarım İrkutskda, Simferopolda hərbi xidmətdə olanda anam bayramlarda açdığı süfrənin ortasına şəkillərini düzüb, “qabaqlarına” bir yekə boşqab plov qoyardı. Doymadığımızı bilsə də şəkillərin qarşısında soyuyan həmin yeməkləri bizə yox, küçədəki it-pişiklərə verərdi…
O zamanlar qürbətə gedənlər uzağı iki-üç ildən sonra qayıdırdı və hamı bayram süfrəsindəki yeməyini özü yeyirdi. İndi isə gedənlər qayıtmır, daha doğrusu qayıtmaq istəmirlər.
Təkcə bayramlarda deyil, hər gün bişirilən yeməyi it-pişiyə yedirmək, övladlarının yerinə pişikləri əzizləmək, başlarını sığallamaq ən heyvansevər insanı da bezdirər. Şəxsən mən heyvanlarla bir yerdə yaşamaqdan bezsəm də mənə oğul, qız əvəzi olan pişiklərin nazını çəkməyə, vaxtlı-vaxtında yeməklərini verməyə məcburam. Bu məsuliyyətə bahalaşma hay-küyü də təsir etməyib, pişiklərimin ac qalmaması üçün özümü oda-közə vururam, hətta bəzən hədə-qorxu, təhqirlə üz-üzə qalıram. Məsələn, bir dəfə müxtəlif çeşiddə pişik yeməkləri almaq üçün böyük marketlərdən birinə getdim. Baxdım ki, sakitçilıkdir, hamı marketdə boş araba ilə fırlanır, tez arabama pişik yeməkləri doldurub kassaya yaxınlaşmaq istədim. Bu vaxt bir qadın boş arabası ilə yolumu kəsib yerimdən tərpənməyə imkan vermədi. Yolumu kəsməklə kifayətlənmədi, həm də üstümə qışqırdı: ”Ay utanmaz, camaat çörək almağa pul tapmır, sən isə it-pişik üçün bir araba yemək almısan…” Heç bir dəqiqə keçmədi qadının hay-küyünə marketdə arabası boş olanların hamısı gəldi və məni mühasirəyə alıb qəzəblə arabalarını silkələməyə başladılar. Bildim ki, kiçik bir yanlışlıq etsəm, növbə ilə atacaqlar məni arabalarına, vitrindən-vitrinə çırpacaqlar. Axı bizim camaatın çox qəribə xasiyyəti var: ayı, canavar, tülkü, çaqqal… kimi ölkəni talayan məmurlar ac qalsalar çıxarıb ürəyini də verər, amma ac pişiklərə artıq qalan yeməyini də verməz. Arabası ilə yolumu kəsən qadına üzümü tutub dedim ki, mən bu yeməkləri uşaqlarım üçün almışam, özüm də “kedi mamaları”nı çox sevirəm deyib, qutulardan birinin ağzını açıb, əcaib yumrucuqları ağzıma atmağa başladım. Hamı heyrətlə mənə baxırdı, bu vaxt qadınlardan biri qulağıma “düzünü de, siçandan qorxursan?” pıçıldadı. Mən xanımın sualına qəsdən çox ucadan cavab verdim: xeyr, mən siçandan qorxmuram, əksinə, onlar məndən qorxurlar. Çünki ailəliklə “padvala” siçan ovuna gedəndə ən çox siçan tutub yeyən mən oluram. Bu sücaətim sayəsində aylıq ət normam həmişə tamam olur. Hiss etdim ki, bir az da marketdən gec çıxsam, camaat necə “pişik” olduğumu öyrənmək üçün məni siçan kababına da qonaq edəcək.
Pişiklərimlə bağlı başıma gələn hadisələr nəinki bir köşəyə, heç beş kitaba sığmaz. Bu yaxınlarda səhər tezdən qapını kimsə elə hirslə döydü ki, elə bildim hansısa bank işçisidir. Qorxa-qorxa qapını açdım, baxdım ki, bir qadındı, qucağında da başı, ayağı sarıqlı bir pişik. Salam verib qucağındakı pişiyi mənə uzatdı:
– Nəvələrim pişiyimi qapının arasında qoyub yaralayıblar, xəstə pişiyə baxmağa vaxtım yoxdur. Sənin pişiklərə baxdığını eşitdim, bu pişiyə də bax, nə olar, deyib, pişiyi qucağıma qoymaq istədi. Mən geri çəkilib pişiyi qadının qucağına itələdim:
– Xanım, ünvanı səhv salmısınız, elə işlərə mən yox, Leyla Əliyeva baxır. Pişiyinizin sağalmasını istəyirsinizsə, onun yanına aparın. Mənim pişiklərim xəstə olanda elə özüm kimi əzab çəkirlər. Üç ay əvvəl nar ağacından yıxılmışam, belim də əzilib, pəncəm də, amma vaxt və imkansızlıqdan həkimə gedə bilmirəm…
Bahalaşan işıq, qaz, benzin, ərzaq üzündən evlərində soyuqdan donan ölkə əhlinə isə məsləhətim odur ki, heyvan saxlayın və onları qoruyun. Çünki heyvan bizim üçün pulsuz canımızı qızdıran sobadır, “qrelka”dır, yorğandır… Kim bilir, bəlkə Leyla Əliyeva da elə ona görə heyvanları qoruyur, neft tamam tükənəndə heyvanlarla ölkəni qızdıracaqlar və “ağıllı” deputatlar da xalqa öyüd-nəsihət verib deyəcək ki, ayağınızı heyvanınıza görə uzadın…