“The Daily Mail” yazır ki, uşaqlarını ən yaxşı məktəblərə qoymağa can atan valideynlər az deyil.
Amma indi Britaniyada “tiger mum” – “pələng ana” ləqəbini qazanmış qadınlar bir qədər də irəli gediblər. Onlar uşaqlarını hələ doğmadan əvvəl karyeraya hazırlayırlar.
Bu yaxınlarda Londonun şimalında açılacaq uşaq bağçasında 2 yaşına çatmamış uşaqlara Çinin dillərindən biri olan mandarincəni öyrədəcəklər və bəzi valideynlər hələ uşağı doğmamış onları bu təhsil ocağına yazdırırlar.
Safari Kid bağçasının rəhbərləri iddia edirlər ki, onların “məzunları” məktəbə başlayanda öz həmyaşıdların azı iki il irəlidə olacaqlar.
Məqalədə deyilir ki, bu uşaq bağçası Californiyadakı Silikon vadisinin maliyyələşdirdiyi tədbirlər zəncirinə daxildir və iri maqnatların uşaqları üçün nəzərdə tutulub.
Niyə məhz mandarin dili? Bu sualın cavabında uşaq bağçasının direktoru Gabrielle Oh deyib ki, “uşaqlar hamam süngəri kimidir, nə versən canlarına çəkirlər”.
“Xarici dil öyrənənlərin qarşısında bəzən ana dili əngəl rolunu oynayır. Amma körpələrin belə problemi yoxdur”- deyir müdir.
Bu bağçada uşaqlara lap körpəlikdən hesab və maliyyə dərsləri də keçiləcək. Onlar 12 sahə üzrə hər semestrin axırında imtahan verəcəklər.
Kliniki psixologiya eksperti Linda Blair deyir ki, əcnəbi dilin lap körpəlikdən öyrədilməsi uşaqlar üçün fantastik imkandır.
Lakin heç də bütün ekspertlər belə düşünmürlər. Ekspert Elaine Halligan deyir ki, uşaqları lap körpəlikdən bu qədər yükləmək onların sağlamlığı üçün təhlükəli ola bilər.
“Uşağınızın ən yaxşı bağçaya getməsi, hələ onun bu dünyada ən uğurlu insan olacağı demək deyildir” – deyib ekspert.
Başqa bir ekspert, Margaret Morrissey isə deyir ki, uşaqları insan kimi formalaşdıran onlara verilən elmi biliklər yox, həyatdan öyrəndikləri dərslərdir.
“Biz uşaqlara adam kimi böyümək imkanı verməliyik” – deyib Morrissey.