Ağ Evin əməkdaşları prezidentin müşaviri Kellyanne Conway ilə ayrıca danışmağa məcbur qalıblar. Buna səbəb müşavir xanımın Amerika telekanallarından birinə müsahibəsində insanları prezident qızına məxsus «Ivanka Trump» brendindən pal-paltar almağa çağırması olub.
Fevralın 9-da bir sıra konqresmen və ictimaiyyət nümayəndəsi xanım Conway-in bəyanatlarından narahat olduqlarını dilə gətirib. Onların sözlərinə görə, müşavirin çağırışı peşəkar etika normalarının pozulmasıdır.
Elə həmin gün Ağ Evdə – ənənəvi gündəlik konfransın gedişində mətbuat katibi Sean Spicer müşavirlə söhbət aparıldığını xəbərləyib. O, nizam-intizam və etik davranış barədə söhbətini bu şəkildə başa çatdırılıb.
Müşavirin “pulsuz reklamı”nın səbəbi
Müsahibə zamanı Kellyanne Conway nəhəng geyim mağazaları şəbəkəsi olan “Norstrom Inc.”in qərarı haqqında mediada gedən xəbərlərə aydınlıq gətirib.
“Norstrom Inc.” prezidentin qızı İvanka Trump-a məxsus şirkətin buraxdığı məhsulların satışınının dayandırılmasına qərar verib.“Fox & Friends” proqramının canlı yayımında xanım Conwayİvanka Trump-ın şirkətini “heyrətamiz” adlandırıb və onu pulsuz reklam etmək istədiyini də sözlərinə artırıb. Üstəlik, bu zaman müşavir Ağ Evin konfrans zalında olub.
“Mənim bu brenddən (“Ivanka Trump”) olan geyimim var. Elə indicə onu, sadəcə, pulsuz reklam edəcəyəm.Bu geyimi dərhal alın. Onu internet-mağazalarda tapmaq olar”,- prezidentin müşaviri Kellyanne Conway belə deyib.
Dərhal şikayət göndərilib
“Vətəndaşlar Vaşinqtonda etika və məsuliyyət uğrunda” ictimai təşkilatı ABŞ hökuməti yanında Etika Məsələləri Üzrə İdarəyə şikayət göndərib. Həmin şikayətdə onlar insidentin araşdırılmasını tələb ediblər. Təşkilatın sözlərinə görə, prezident Donald Trump-ın baş müşaviri bu bəyanatla federal qanunvericiliyi pozub.
“Qanunlarda aydın yazılıb ki, dövlət məmurları öz mövqelərindən hər hansı fərdin şəxsi maraqlarının xeyrinə istifadə edə bilməz. Hökumətin imkanları özəl şirkətlərin məhsullarının reklamına deyil, ictimai maraqlar istiqamətinə yönəldilməlidir”, -adıçəkilən qurumun məktubunda belə deyilir.
Həmin müraciətdə söhbət dövlət məmurlarının etik davranışları haqqında qanundan gedir. Onun bəndlərindən birində deyilir ki, vəzifəli şəxs “mənfəət götürmək məqsədilə məhsulun, xidmətin və ya şirkətin inkişafına və ya dost və qohumlarının, yaxud xidməti vəzifəsindən kənarda münasibətdə olduğu digər şəxslərin şəxsi mənfəətinə imkan yaratmaqdan ötrüöz vəzifə mövqeyini istifadə etməməlidir”.
Araşdırma aparılması tələb olunur
Yüksək vəzifəli demokrat, konqresmen Elijah Cummings də araşdırma aparılması tələbiylə ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları komitəsinin sədri, konqresmen Jason Chaffetz-ə məktub göndərib. O, eyni zamanda, Conway-ə intizam töhməti verilməsini təklif edib.
Verilən məlumta görə,Jason Chaffetz Elijah Conway-in sözlərini “tam qəbuledilməz” adlandırıb.
Bununla belə, prezidentin müşaviri barədə hər hansı ölçü götürəcəyinə Kapitoliya veteranları şübhəylə yanaşırlar. Onların fikrincə, hökumətin icra qanadının nümayəndəsi olan müşavir Kellyanne Conway birbaşa prezidentə tabedir.
azadliq.org