AXCP Şəki şöbəsi Gənclər Komitəsinin sədri, fevralın 8-də 20 sutka inzibati həbs cəzasına məhkum edilmiş Samir Həsənova qarşı Cinayət Məcəlləsi üzrə yeni ittiham irəli sürməyə hazırlaşırlar. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat paylaşıb.
Samir Həsənov fevralın 7-də Şəki şəhər polis idarəsinə orda saxlanılan qardaşı – AXCP Şəki şöbəsinin sədri İslam Həsənova siqaret və ərzaq aparmaq üçün çağırılıb. İslam Həsənov fevralın 6-da saxlanılıb və 7-də məhkəmənin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib.
Samir Həsənov çağırışa uyğun olaraq, İslam Həsənova siqaret və ərzaq çatdırmaq üçün polis idarəsinə gedib. Lakin orada onun özünü də saxlayıblar. Məlumata görə, ona zorakılıq edib və guya narkotik maddə qəbul etdiyi haqda ifadə almaq istəyib, uydurma ittihamlar irəli sürüblər. Bu ittihamları Samir Həsənov məhkəmə iclasında rədd edib.
Məlumatdan belə aydın olur ki, Samir Həsənovu narkotiklə şərləyib həbs etmək planı hələ də qüvvəsində qalır.
AXCP Şəki şöbəsinə basqıların illərdir davam etdiyini xatırladır və hakimiyyətdən tələb edir ki, bundan əl çəksin. Partiya son günlərdə Şəki cəbhəçilərinin yenidən hədəfə alınmasını özünə qarşı repressiyanın tərkib hissəsi sayır. AXCP hakimiyyətdən onun fəaliyyətinə qanunsuz müdaxilələri dayandırmağı tələb edir və bildirir ki, həbs və təzyiqlərlə onu mübarizəsindən çəkindirmək mümkün olmayacaq.