11 il ərzində hakimiyyət hələ də dərk etməyib ki, AXCP-nin gücü daşda-divarda, ofisdə deyil. 11 ildir ki, AXCP qərargahı olmadan fəaliyyət göstərir. Bu 11 ildə 2 dəfə qərargah əldə etməyə çalışmışıq. Birincinin qapısını qaynaq ediblər (hələ də qaynaqlıdır), ikincini isə partlatdılar. Qərargahın olmaması bizim mübarizəmizin qarşısını ala bildimi? Ala bildisə, niyə AXCP-dən, Milli Şuradan bu qədər qorxursunuz? Partiyanın hazırda 11 nəfər siyasi məhbusu var. Yalnız ötən il 30 nəfər (bu ilin əvvəlindən isə daha 3 nəfər) funksionerimiz 20-30 sutka müddətinə inzibati qaydada həbs olunub, 253 nəfər partiya fəalı polis idarələrində saxlanılaraq, hədələnib. Və bu qədər təzyiq altında olan partiyanın sıralarına minlərlə yeni üzv qoşulub. Son illərin ən böyük mitinqlərini də Milli Şuradakı dostlarımızla, xalqımızın dəstəyilə birlikdə biz etmişik. Şəki şöbəsinin istifadə etdiyi kiçik otağı əlimizdən almaqlamı, AXCP Şəki rayon şöbəsinin sədri İslam Həsənovu və rayon Gənclər Komitəsinin sədri Samir Həsənovu həbs etməkləmi indi AXCP-nin fəaliyyətini sarsıtmağı düşünürsünüz? Sizi əmin edirəm ki, Şəki təşkilatımıza qarşı aparılan bu polis əməliyyatından sonra da partiyamıza böyük bir axın olacaq. Çünki xalqımız yaxşı bilir ki, onun talan edilməsinə, əzilməsinə etiraz etdiyimiz, ədalət və azadlıq uğrunda mübarizə apardığımız üçün bütün bu məhrumiyyətlərə məruz qalırıq. Xalqımız isə ədalətlidir. Haqqı nahaqqın ayağına verməz!