Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin bazar ertəsi etdiyi zarafat Avropa Birliyinin Azərbaycanla işinin çətinliyinə işıq salmış olub. «Reuters» agentliyi yazır ki, gözlənilməz hərəkətləri ilə ad çıxarmış cənab Yunker prezident İlham Əliyevə sataşıb.
«SİZƏ YAXŞI GÜN DİLƏYİRƏM»
«Çox sağ olun, sizə yaxşı bir gün diləyirəm. İndi isə Azərbaycan prezidentiylə görüşə gedirəm, yəni günün yaxşı hissəsi başa çatdı», – Yunker mətbuat konfransının sonunda jurnalistlərə deyib.
Fevralın 6-da Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Azərbaycan qazını Avropaya çatdıracaq yeni kəmərləri müzakirə edib. «Reuters» yazır ki, Bakı birliyin 500 milyon nəfəri əhatə edən bazarına girməyə can atır və AB də Rusiya qazından asılılığını azaltmağa çalışır.
«Amma 2003-cü ildən prezident postuna gəlmiş Əliyev ölkəsində hakimiyyəti əlinə cəmləşdirməkdə, söz azadlığını məhdudlaşdırmaqda, müstəqil mediaya təzyiqlərdə ittiham olunur», – məqalədə vurğulanır.
Agentlik Yunkerin zarafatına Azərbaycan rəsmilərindən şərh ala bilməyib. Amma Komissiya rəhbərinin sözçüsü deyib ki, tərəflər enerji və iqtisadi əməkdaşlığı müzakirə ediblər, Yunker isə insan haqları və fundamental azadlıqlara sayqının gərəkdiyini vurğulayıb.