Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov Ədliyyə Nazirliyinin hərəkətsizliyindən məhkəməyə müraciət edib. Bu barədə Akif Qurbanov məlumat yayaraq bildirib ki, 2014-cü ildə ABŞ səfirliyi ilə Demokratik Təşəbbüslər İnstitutu arasında bağlanmış qrant müqaviləsinin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət olunsa da, nazirlidən səs çıxmayıb. Ona görə də 2016-cı il noyabrın 15-də müqavilənin qeydə alınması və müvafiq bildiriş verilməsi üçün yenidən yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Amma yenə də üstündən aylar keçməsinə baxmayaraq, Ədliyyə Nazirliyindən heç bir cavab yoxdur.
“Vətəndaş cəmiyyətilə hakimiyyət arasında gedən dialoq nəticəsində problemlər həll olunub” ifadəsini dilindən düşürməyənlərin xəbəri olsun ki, Ədliyyə Nazirliyini artıq məhkəməyə vermişəm.
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvlərinin böyük əksəriyyətinin köhnə müqavilələri qeydə alınıb və icra olunur. Amma Koalisiyanın rəhbər orqanı olan Şuranın üzvü olsam da, rəsmi strukturların münasibəti açıq fərqlənir.
Mənim məqsədim sadədir: Mövcud şərtlər çərçivəsində hüququmu sona qədər qorumağa çalışmaq, yerli və beynəlxalq ictimaiyyətə “dialoq”, “inkişaf” proseslərinin bir daha palavradan başqa bir şey olmadığını faktla göstərmək”, – deyə Akif Qurbanov bildirib.
Akif Qurbanovun şikayətinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq: “Çox guman ki, məlum şəxslər gərəkli məsləhətlərini məhkəməyə də çatdıracaq”.