Ortada böyük miqdarda pul və torpaq sahəsi çəkişməsi var
Bakıda iş adamı, “Badi-Kubə” tikinti şirkətinin rəhbəri Ədalət Qəmbərov iyunun 5-də güllələndi. Bu barədə “Azadlıq”ın ötən sayında olayın təfərrüatları yazılıb. Təkrar qeyd edək ki, hadisə Günəşli qəsəbəsi V massivində tikilən 15 mərtəbəli binanın üstündə baş verib. Belə ki, “A.R.Ko” MTK-nın sədri Asif Əsədullazadənin oğlu Türkel Əsədullazadə tikinti şirkətinə gələrək Ədalət Qəmbərova atəş açıb, ona mane olmağa çalışan Ə.Qəmbərovun yaxın qohumu Samir Məmmədovu da güllələyib.
Nəticədə S.Məmmədov yerindəcə dünyasını dəyişib. Ə.Qəmbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Dünən “Azadlıq” olayla bağlı yeni məlumatlar əldə edib. Maraqlı məqamlardan biri də odur ki, Ədalət Qəmbərov bu ilin fevralında Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Həmin müraciət də “Badi-Kubə” MTK-nın təsisçiliyini tamamilə ələ götürməsi ilə bağlı olub. Məhkəmənin rəsmi saytında yer alan məlumatda göstərilir ki, Qəmbərovun müraciəti əsasında təsisçilik hüququna xitam verilmə tələbinə baxılıb. 02.02.2012-ci il tarixdə proses keçirilib və qərar qüvvədə saxlanılıb. “Azadlıq”a bilgi verən şəxs deyir ki, həmin prosesdən sonra Asif Əsədullazadənin təsisçilik hüququ tamamilə ləğv edilib və bütün şirkət Ə.Qəmbərovun əlinə keçib. Üstəlik, ortada böyük miqdarda pul və torpaq sahəsi mübahisəsi yaranıb. Tərəflər dəfələrlə üz-üzə gəlsələr də, problemi çözə bilməyiblər. Aldığımız məlumatda vurğulanır ki, Ə.Qəmbərov təsisçiliyi tam əlinə götürdükdən sonra Əsədullayevlə aralarında olan münasibətlərə yenidən aydınlıq gətirmək istəyib. Elə “Altun” Şadlıq Sarayının tikildiyi ərazinin də ona məxsus olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Üstəlik, tikintinin dayandırılaraq həmin torpağın geri verilməsini tələb edib.
Qaynaq bildirir ki, Qəmbərovun bu tələbi sonuncu görüş zamanı daha sərt şəkildə ortaya qoyulub. “Altun” Şadlıq Sarayında tərəflər arasında görüşdə isə narazılıq yaranıb. Nəticədə, baş verənlərə dözə bilməyən Əsədullayevin oğlu Türkel üzərində gəzdirdiyi silahla şirkət rəhbərini və onun yanındakı adamı güllələyib.
Dünən mərhum Samir Məmmədov doğulduğu Masallı rayonun Xıl kəndində torpağa tapşırılıb. Ədalət Qəmbərov da əslən bu kənddəndir. Deyilənlərə görə, o, vaxtilə bu kənddə qaz idarəsinin rəhbəri olub.
Mövzunu diqqətdə saxlayacağıq…
Ramin DEKO