Həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin tərəfdarı, Nardaran işi üzrə məhkəmə prosesinin daimi iştirakçılarından Əhsən Nuruzadənin yeri nəhayət ki, bir həftə sonra müəyyənləşib. Məlum olub ki, əvvəlcədən də ehtimal olunduğu kimi, o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırmış. Bu barədə “Azadlıq”a Əhsən Nuruzadənin vəkili Yalçın İmanov məlumat verib. Hüquqlarını müdafiə etdiyi şəxsin yerini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyindən tutmuş, Ombudsman Aparatına qədər müxtəlif orqanlara müraciət edən vəkilin özü də yanvarın 30-da səhər bu haqda məlumatlandırılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Yalçın İmanovla əlaqə saxlayıb bildiriblər ki, Əhsən Nuruzadə oradadır. Müdafiəçi saat 11.30 radələrində idarəyə getsə də, Əhsənin Binəqədidə inzibati həbs cəzası alanların saxlanıldığı təcridxanaya köçürüldüyünü bildiriblər.
Yalçın İmanov təcridxanada nəhayət, müvəkkili ilə görüşə bilib. Əhsən Nuruzadə vəkilinə danışıb ki, yanvarın 24-də yaşadığı evdən bir qədər aralıda üç nəfər mülki geyimli şəxs saxlayaraq, BMCMİ-yə aparıb. İdarədə təxminən bir saat saxladıqdan sonra onu Nərimanov Rayon Məhkəməsinə aparıb, “polisin qanuni tələbinə tabe olmamaq” ittihamı ilə 10 sutka inzibati həbs cəzası veriblər.
“Nərimanov Rayon Məhkəməsinin qərarını almışam. Qərarda yazılıb ki, guya Əhsən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə söyüş söyüb. Guya telefonla ucadan, söyüş söyə-söyə Taleh Bağırzadə, Mövsüm Səmədov və başqa ilahiyyatçıların qanunsuz həbsinə etiraz edirmiş. Həmin vaxt iki polis əməkdaşı ona yaxınlaşıb qanunçuluğa dəvət edib, amma onlara da söyüşlə cavab verib. Guya polislər onu tutmaq istəyəndə qaçmağa da cəhd göstərib”.
Əhsən Nuruzadə vəkilinə deyib ki, qərarda yazılanlar tamamilə yalandı, belə bir hadisə olmayıb.
Nərimanov Rayon Məhkəməsində qərar veriləndən sonra Əhsəni yenə “bandotdel”ə qaytarıblar. Orada saxlanıldığı altı gün ərzində onu döyməsələr də, psixoloji təzyiq göstəriblər, bir sıra hallarda təhqirlər də olub.
Eyni zamanda, onu sorğu-suala tutublar: “İdarənin dini ekstremizmə qarşı mübarizə şöbəsində ondan Taleh Bağırzadəni niyə dəstəklədiyi, məhkəməyə gələnlərin kimliyi, Milli Şura, hüquq müdafiəçisi Oqtay Gülalıyev, media, o cümlədən yazar Zümrüd Yağmurla əlaqələri, Müsəlman Birliyi Hərəkatının maliyyə mənbələri, İranla bağlılığı haqda soruşublar. Ona Taleh Bağırzadədən, Milli Şuradan uzaq durmağı tövsiyə ediblər, onların dövlətçiliyə xəyanət etdiyini deyiblər. Əhsən Nuruzadə qanunsuz heç bir iş görmədiyini, Müsəlman Birliyi Hərəkatının ianələr hesabına maliyyələşdiyini bildirib. Bu dindirmədə alınan cavablar kompüterdə yazılsa da, protokollaşdırılmayıb, Əhsən Nuruzadəyə imzalatdırılmayıb”.
Yalçın İmanov Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək: “Əvvəla, qərarda yazılan hadisə ümumiyyətlə olmayıb. Hətta olubsa belə, inzibati həbs cəzası almış adam niyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı? Niyə orada qeyri-rəsmi dindirilirdi? Niyə onun ailəsinə harada olduğu haqda heç bir məlumat verilmirdi? Bütün bunlar deməyə əsas verir ki, Əhsən Nuruzadə haqqında qərar qanunsuz və əsassızdır. O, Taleh Bağırzadəni dəstəklədiyinə, məhkəmələrində iştirakına görə cəzalandırılıb”.