30 gün oldu. Şəhid əsgərimiz Çingiz Qurbanovun nəşi hələ də erməni əsirliyindədir. Hakimiyyət qətiyyən narahat deyil. Şəhidimizin ailəsi və doğmaları isə bu dünyada cəhənnəm əzabı çəkir. Sizcə şəhid cənazəsinin hələ də düşmən əlində qalmasının əsas səbəbi hökumətin bacarıqsızlılığıdır, yoxsa insan taleyinə biganəliyi? Məncə, şəhidimizin bir az da bəxti gətirməyib. Əgər seçki kampaniyası dövründə şəhid olsaydı, iqtidar əlindən gələni edərdi ki, onun nəşini geri alsın. İndi isə nələrinə lazım? Öz ürəkləri yanmır, xalq da ciddi tələb etmir…
Əziz həmvətənlər, şəhidimizin nəşinin bu qədər uzun müddətdə düşmən əsirliyində qalmasına görə əlbəttə ki, hakimiyyət məsuliyyət daşıyır. Ancaq etiraf etmək lazımdır ki, millət olaraq hamımızın bu uğursuzluqda payı var. Daha ciddi etirazlar həyata keçirə bilmirik, mitinq etmirik, küçələrə çıxmırıq, bunu haradasa başa düşdüm. Bəs sosial şəbəkələrdə niyə şəhidimizə hamılıqla sahib çıxmırıq? Niyə 10 minlərlə insan Çingizin şəklini profil şəkli etmir, hər gün bu mövzuda yazmır, hakimiyyətin fəaliyyətsizliyinə etiraz etmir? Bu biganəliyin ciddi bir səbəbi varmı?