Ekspertlər bunu demokratiya məsələlərinin müzakirəsindən yayınmaq cəhdi kimi dəyərləndirirlər
ABŞ dövlət katibi Hillari Klinton regionumuzda səfərdə olduğu müddətdə Azərbaycanla Ermənistan ordularının təmas xəttində atəşkəs pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri ilə atışma iyunun 4-də cəbhənin müxtəlif istiqamətlərində baş verib. Hətta iyunun 5-də saat 06.30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Bu günlərdə gedən döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin beş hərbi qulluqçusu şəhid olub. Erməni tərəfi isə 3 nəfər itki verib.
Bir sıra ekspertlər Klintonun Cənubi Qafqazda olduğu müddətdə atəşkəsin pozulmasını təsadüfi saymır və bu iki hadisəni bir-biri ilə əlaqələndirir. Belə ki, bölgəyə səfərindən öncə xanım Klinton həm Ermənistan, həm də Azərbaycan hakimiyyətini demokratiya və insan haqları sahəsində islahatlara dəvət etmişdi. Və məhz ABŞ-ın demokratiya ilə bağlı tövsiyələrindən səfər zamanı yayınmaq üçün Ermənistan və Azərbaycan tərəfi cəbhə bölgəsində belə bir addım atıb.
Politoloq Zəfər Quliyevin fikrincə, atəşkəsin məhz Klintona görə pozulduğunu birmənalı şəkildə demək çətindir. Amma dəfələrlə həm Azərbaycan, həm də Ermənistan hakimiyyətinin Qarabağ kartından istifadə etdiyini deyən Z.Quliyev vurğuladı ki, ona görə bu cür fərziyyələrin irəli sürülməsi təsadüfi deyil. Cəbhə xəttində atəşkəsin həqiqətən də ciddi formada pozulduğunu söyləyən Z.Quliyev də istisna etmədi ki, bu, müzakirələrdə demokratiyanı arxa plana atmaq üçün edilə bilər: “Azərbaycan və Ermənistan hakimiyyəti dəfələrlə demokratiya ilə bağlı təzyiqlər artan zaman bu cür addımlar atırlar. Hərbi ritorikanın güclənməsi ilə demokratiyanı arxa plana keçirməyə cəhd edirlər. Amma baş verənlər eyni zamanda Qarabağ probleminin çözülməsinin artıq zərurət olduğu ilə bağlı mesaj da ola bilər. Çünki bununla bəyan edilə bilər ki, hər an bu münaqişənin aktiv fazaya keçməsi təhlükəsi var”.
Politoloq Leyla Əliyevanın da fikrincə, atəşkəsin pozulmasının birbaşa Klintonun səfəri ilə bağlı olmasını söyləmək çətin olsa da, bu istiqamətdəki fərziyyələri də anlamaq olar. Çünki dəfələrlə Azərbaycan hakimiyyəti buna oxşar addımlar atıb: “Amma düşünürəm ki, əgər demokratiyanı arxa plana keçirmək üçün bu cür addımlar atılırsa, bu, olduqca mənasızdır. Çünki Hillari Klintonun Bakıya və Yerevana səfəri zamanı onun gündəliyində demokratiya ilə bağlı məsələ varsa, deməli, o, mütləq onları müzakirə edəcək”.
Hikmət