İş belə gətirib ki, bizim günümüzü indi pis adamlar daha çox məğul edib. Hansısa mərdimara səhər açılan kimi bir bəhanə ilə qaraldır, bir başqası günorta yeməyinə özün çatdırır, günortadan sonra hansısa böhtançıya tuş gəlirik, üzü axşam da bir dəstə yaramaz, qanmaz, zalım peyda olur, onlarla əlləşirik. Boş vaxtımız olanda da mövzumuz onlardı. Kəsəsi həyatımıza oturublar. Buna görə-görə də çox adam ruhdan düşür, adamı heyrət basır, deyirsən ki, daha bu nə həyatdı, dörd bir yanı keyfiyyətsiz, pis adamlar basıb. Ancaq yanılırıq. Belə hallarda çoxu keçmişi ideallaşdırır, səhvən belə güman olunur ki, qabaqlar pis adamlar barmaqla sayırmış. Ancaq, görün Füzuli bizə lap qədimlərdən necə soraq verir.
“Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.
Fikri veririsiz, qapqara! İşıq ucu yoxdur. Mən bu beytdən sonra vur öldür, qətiyyən Füzulinin həmdövrü olmaq istəmərəm.
Füzulinin dövrünə tam bələd deyiləm. Ancaq indi yaşadığımız dünyada, Azərbaycanda həyatda qalmaq üçün xeyli işıqlı nümunələr, yaxşı adamlar da var. Özü də az deyillər. Sadəcə, onlar ön planda deyil deyə, bizə yox təsiri bağışlayırlar.
Problemi ondadı ki, yaxşı adamlar yaxşı, layiq olduğu yerlərdə deyillər. Problem odur ki, yaxşı adamlar, onların hekayətləri bizim dilimizə gec-gec düşür.
Mən onlardan biri haqda söz açmaq istəyirəm. Sahib Rüstəmli. Bu kişi sabirabadlıdır. Başına and içiləsi vətəndaşlarımızdandı. Nə üçün tərifəlayiqdi onu da yazıram. Sahib Rüstəmli zəhmət adamıdır, müftəxor, tüfeyli həyat tərzi ondan uzaqdı. Yaxşı təhsil alıb, yaxşı pedaqoq olub. Vətəndaş borclarına heç zaman laqyed qalmayıb. Xalq Hərakatına o zaman sanballı qohum əqrabası əks düşərgədə olsa da, heç nəyə baxmadan qoşulub. Qarabağ müharibəsində könüllü iştirak edib, döyüşçülər üçün Sabirabaddan yardımların daşınçasının təşkilatçılığın edib. Günü bu günədək də harda nahaq iş görübsə, Sahib Rüstəmli mərdliklə sinəsin qabağa verib. Bu gün get soruş, ondan siyasi səbəbdən zəhləsi gedənlər belə deyər ki, Sahib mərd insandı, halal adamdı, düz sözlü, düz əməllidir.
Mən söhbətimizə dramatizm qatmaq üçün bir az qeyri-adi qiymətləndirmə edib. Göz dəyməsin, müəllimin fiziki, mənəvi hazırlığı yüksək səviyyədədir (hesabınızı burdan götürün, adam tək tənaha sabirabaddan Kərbalaya keçən il ziyarətə getdi-), buna baxmayaraq, iraq olsun, sabah onu ölüm mələyi salamlasa, hədsiz məyus olaram, ürəyim ağrıyar, ancaq…
Bir nümunəvi insan ömürü üçün nə lazımdırsa Sahib müəllim onları edib. Həyatın onun qarşısında qoyduğu, gücü çatan işləri əksərən görüb tamamlayıb. Daha insana nə lazımdı. Yaxşı ad? Var. Yaxşı mənəvi irs? O da var. Ömürdən səmərəli istifadə, ətraf üşün canıyana olmaq? Onlar da var. Çox sadalaya bilərəm, ancaq yazımızın tosta oxşama təhlükəsin görüb əl saxlayıram. Sözümün canı nədi?
Bu insanı 40 iıdir işlədiyi məktəbdən çıxarıblar. Min bir izaha da versələr, səbəb birdir; Sahib Rüstəmli həm də cəbhəçidir. Bu onun bağışlanmaz günahıymış. Oxucum, məlumatlansın deyə, bunu da yazım. Sahib Rüstəmli rayon mərkəzində yaşasa da, ona düz evinin yanında dərs qiymamışdılar, o hər gün mərkəzdən kənardakı kəndə dərs keçməyə yollanan pedaqoqlardandı. Təsəvvür edirsinizmi? Normalda bu insana təhsil naziri ayda bir dəfə təşəkkürnamə yollamalıdır ki, qış-yay demədən, gedib kənddə camaatın balasına “Fizika” öyrədir. Ancaq “zorlama” maddəsi ilə məhkum olanların müəllim, hətta dirkotor işləməsin məqbul sayan zehniyyət sahib rüstəmli kimi nümunəvi şəxsin ancaq cəbhəçi olduğuna görə tədris prosesində iştirakın qəbul etmir.
Mən indi burda Sahib müəllimdən çox öz günümüzə ağlamaq istəyirəm. Bizlər, hamımız Azərbaycanda müəllim adının deqredasiya olmasından şikayətlənirik. Ancaq gəlin, özümüzə sual verək, biz “əfruzkimilər” dəstəsindən olan müəllimlərə ayrıdığımız diqqətin onda birini Sahib Rüstəmliyə ayrırıqmı? Niyə onun üçün kütləvi bir kampaniya gözə dəymədi? Sahib Rüstəmlini ən yaxşı tanıyan onun müəllim yoldaşlarıdır, qonum qonşusudur, siz onların səsin eşidirsizmi? Hə, hamı ürəyində danışır, buna şübhəm yoxdur. Lakin, necə olur ki Akif Çovdarov kimi təpədən dırnağa cinayətə batan adam üçün insanlar özlərində cəsarət tapıb imza toplayır, mediaya müraciət edir, hiddətlənir, ancaq bütün paramertlərinə görə yaxşı insan olan Sahib Rüstəmlinin haqsızlıqla işdən uzaqlaşdırılması, əslində repressiya edilməsi gündəm ola bilmir? Pis insanların lənətlənməsi, ifşa olunması əhəmiyyətlidir, ancaq yaxşı insanlara da layiq olduğu qiyməti verməsək, qorumasaq, biz də yaxşılara səssiz qənim kəsilənlər sırasında dayanırıq. Dayanmayaq.
Natiq Güləhmədoğlu