Bu məmurların da Iranla biznes əlaqələri var imiş
Iranla biznes əlaqələri olan məmurların təşvişə düşdüyü barədə məlumat vermişdik. Bildirmişdik ki, onlar Azərbaycan-Iran münasibətlərinin gərginləşməsi fonunda qurbana çevriləcəyindən narahatdırlar.
Iranla biznes əlaqələri olan məmurlara gəlincə, bu sırada nəqliyyat naziri Ziya Məmmədov, təhsil naziri Misir Mərdanov, baş nazir Artur Rəsizadə, onun müavini Abid Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfovun adını çəkmişdik. Bu məmurların Iranla əlaqələri barədə məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda bəhs edilir. Xüsusilə ABŞ-ın Azərbaycanda səfiri olmuş En Dersinin Vaşinqtona yolladığı məxfi teleqramlarda bu mövzu barədə geniş söhbət açılır.
Bu günlərdə “Olaylar” informasiya agentliyi də mövzu ilə bağlı yeni məlumatlar yayıb. Məlumatda deyilir ki, Azərbaycanın yüksək rütbəli məmurlarının Iran biznesmenləri ilə ortaq şirkətlərinin siyahısı hazırlanır. Bu sırada nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Ismət Abbasov və “Azərcenerji”prezidenti Etibar Pirverdiyevin də kurasiya etdiyi şirkətlərin adı var. Həmin şəxslər iranlı iş adamları ilə daha sıx əlaqədə olanlardır. Bu şəxslərin hər biri Iranda və Azərbaycanda onlarla iri şirkətlərə malikdir. Məlumata görə, həmin olliqarx məmurların şirkətlərinin gizli məqamları da ortaya çıxıb. Araşdırmalar zamanı Ziya Məmmədov və Ismət Abbasovun bir neçə şirkətinin başqasının adına rəsmiləşdirilsə də, həmin məmurların nəzarətində olduğu üzə çıxıb. “Olaylar” yazır ki, hazırda həmin məmurlar işin üstünün açılacağından ehtiyatlanaraq gizli yolla sahib olduqları şirkətlərdən imtina etmək qərarına gəlib və buna çalışırlar. Amma, bir neçə şirkətin artıq onlara məxsus olması barədə konkret nəticələr əldə edildiyindən məsuliyyətdən yayına bilmirlər. Bu şəxslərin hazırda çətin durumda qaldıqları bildirilir.