Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Toplantıda Bakı Ağır Cinayətlər Məhkəməsinin “Nardaran işi” ilə bağlı qəbul etdiyi ədalətsiz və sifarişli hökm geniş müzakirə olunub və qətiyyətlə pislənilib. Qərara alınıb ki, məhkəmə qərarı ilə bağlı Milli Şuranın mövqeyini ifadə edən bəyanat qəbul olunsun. Eyni zamanda məhkəmə öncəsi Müsəlman Birliyi Hərəkatının tərəfdarlarına qarşı artan təzyiqlər, ictimai fəallardan Rövşən Məmmədlinin 30 sutka inzibatı həbs cəzasına məruz qalması, Əhsən Nuruzadənin ogurlanaraq gizlin saxlanması pislənilib.
NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanın şərlənərək 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsinə etirazını bildirən Koordinasiya Mərkəzinin üzvləri məhkəmənin qərarını növbəti qanunsuzluq kimi qiymətləndirib.
Toplantıda həbsdə olan bir çox siyasi məhbusların səhhətində yaranan ciddi problemlər və bu problemlərə aidiyyatı qurumların səhlənkar münasibət göstərməsi müzakirə olunub. Qeyd olunub ki, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin, İlkin Rüstəmzadənin, Ruhulla Axundzadənin və digərlərinin səhhətində ciddi problemlər yaranmasına baxmayaraq Penitensiar Xidmət onların Müalicə Müsəssisəsinə köçürülməsinə və müalicə olunmasına imkan vermir. Məsələn, bir ildən çoxdur ki, səhhətində olan ciddi problemlərə və dəfələrlə Ədliyyə Nazirliyinə, Ombudsmana, Qırmızı Xaç Komitəsinə, Avropa Şurasına rəsmi müraciətlər etməsinə baxmayaraq İlkin Rüstəmzadə Müalicə Müəssisəsinə köçürülmür.Aidiyyatı qurumların adları çəkilən şəxslərə göstərdiyi ayrı- seçkiliyini və laqeyd münasibətini pisləyən Milli Şura üzvləri tələb edib ki, onların tez bir zamanda normal şəkildə müayinə və müalicə olunmasına şərait yaradılsın.