Siyasi başışlarına, hökuməti tənqid elədiyinə görə 40 il çalışdığı məktəbdən uzaqlaşdırılan Sahib Rüstəmlinun Hüquqlarını Müdafiə Komitəsi yaradıldı
Siyasi baxışlarına, o cümlədən Milli Şuranın keçirdiyi mitinqlərdə iştirakına, “facebook”da hökuməti tənqid etdiyinə görə 40 ildir çalışdığı məktəbdən uzaqlaşdırıldığını deyən AXCP Ali Məclisinin üzvü Sahib Rüstəmlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Komitəyə bir sıra görkəmli simalar, o cümlədən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, AXCP sədrinin müavini Gözəl Bayramlı, Rövşən Əhmədli, tanınmış hüquqşünaslar Namizəd Səfərov, Qurban Məmmədov, istiqlalçı deputat İbrahim İbrahimli, tanınmış ekspert Vahid Məhərrəmov, seçki mütəxəssisi və keçmiş vicdan məhbusu Bəşir Süleymanlı, jurnalistlər Təzəxan Mirələmli, Arzu Abdulla və başqaları daxildi.
Komitənin yaradılmasına qərar verilən tədbirdə öncə Sahib Rüstəmli özü çıxış edərək, işdən necə çıxarılması, gətiriən səbəblər haqda danışdıb. Eyni zamanda, həmin səbəblərin sadəcə, bəhanə olduğunu sübut edən arqumentləri sadalayıb.
Sabirabad rayonu, Türkəndi kənd orta məktəbinin direktoru Eyvaz Abbasov 40 ildir bu təhsil müəssisəsində çalışan fizika müəlliminin işdən azad olunmasının səbəbi kimi, onun üzrsüz yerə dərs buraxmasını, işə gəlməməsini göstərib. Amma Sahib Rüstəmli deyir ki, bu, tamamilə yalandır. Düzdür, Kərbəla səfəri ilə əlaqədar bir müddət işdə olmayıb, amma bu məsələ əvvəlcədən istər Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayev, istərsə də məktəbin direktoru Eyvaz Abbasovla razılaşdırılıb. Hətta Eyvaz Abbasovun razılığı ilə 2016-2017-ci tədris ilinin başlanğıcında məhz buna uyğun cədvəl tərtib edilib, Sahib Rüstəmli Kərbəla ziyarətində olduğu müddətdə onu hansı müəllimlərin əvəz edəcəyi müəyyənləşdirilib: “Hələ aylar öncə sentyabrın sonu-oktyabrın əvvəlində Kərbəla səfərinə çıxmağı planlaşdırırdım. Bu haqda məktəb direktoruna da öncədən məlumat vermişdim, öz hesabıma məzuniyyət götürmək istədiyimi bildirmişdim. Hətta yeni tədris ilinin başlanğıcında dərs bölgüsü aparılanda da buna görə az dərs götürmüşdüm. Mən olmadığım müddətdə hansı müəllimlərin əvəz edəcəyi də məlum idi, buna uyğun dərs cədvəli tutulmuşdu”.
Amma iş elə gətirir ki, Sahib Rüstəmli sentyabrda həbs olunur: “Mən Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqdə iştirak eləmişdim. Sentyabrın 17-də keçiriləcək mitinqdə də iştirak eləyəcəkdim. Hər ikisi də qeyri-iş günlərində idi. Amma sentyabrın 15-də Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları mənim guya polisə müqavimət göstərdiyimi, ictimai asayişi pozduğumu iddia edib şərlədilər və 15 gün inzibati həbs cəzası verildi”.
Sahib Rüstəmli bildirir ki, həbsdən buraxılandan sonra Kərbəla səfərinə icazə almaq üçün Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayevin yanına gedib. O isə deyib ki, ərizəni məktəb direktoruna vermək lazımdı. Sahib Rüstəmlinin sözlərinə görə, o da aparıb ərizəni direktora təqdim edib və çıxıb gedib. Amma Kərbəla səfərində olanda xəbər tutub ki, onu işdən çıxarıblar: “Qayıdanda bildim ki, guya məktəb həmkarlar təşkilatı yığışıb mənim əmək müqaviləmə xitam verib və uzun müddət icazəsiz işdən qaldığım üçün işdən azad edilməyim direktora tövsiyə olunub”.
Sahib Rüstəmli deyir ki, bundan sonra o, məsələyə özünün iştirakı ilə baxılmasını tələb edib. Növbəti yığıncaqda 32 üzvdən 28-i iştirak edib və hər biri direktorun adına ayrıca ərizə yazaraq müəllimin işə bərpasını xahiş edib. Hətta bir neçə gün məktəbə də gedib. Amma dekabrın 27-də işdən çıxarılması haqda əmri alıb.
Cəbhəçi müəllimin sözlərinə görə, hələ inzibati həbsdə olarkən ona işdən çıxarılacağı haqda məlumat verilib. Xüsusən barəsindəki həbs qərarından apellyasiya şikayəti veriləndən sonra bu məsələ qətiləşib. Çünki aydın olub ki, Sahib Rüstəmli qanunsuz həbsilə bağlı məsələni Avropa Məhkəməsi müstəvisinə çıxarmaq niyyətindədi.
Sahib Rüstəmli əmindir ki, onu siyasi baxışlarına, hökuməti tənqid etdiyinə görə işdən çıxarıblar. Fikrini də belə əsaslandırır: “Mən bir neçə il əvvəl Məşhəd ziyarətinə də eyni qaydada icazə alıb, gedib-qayıtmışdım, heç bir problem olmamışdı. Deməli, indi sifariş gəlib, ona görə də çıxarıblar. Deyilənlər bəhanədən başqa bir şey deyil”.
Bu arada, özü ilə yanaşı, ailə üzvlərinin də təzyiqə məruz qaldığını deyən müəllim təzyiqlərin nədən ibarət olduğunu da sadalayır: “Oğlumu da şərləyib 20 sutka həbs elədilər. “Facebook” səhifəmi ələ keçirib özümün və ailə üzvlərimin özəl fotolarını qeyri-etik ifadələrlə paylaşırlar. Ardınca oğlumu da işdən çıxartdılar”.
Sahib Rüstəmli işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edib. Onun hüquqlarını Qurban Məmmədov müdafiə edir. Müəllim yerli məhkəmələrdən ədalətli qərar gözləmir. Sadəcə, siyasi baxışlarına görə işdən çıxarılması məsələsinin də Avropa Məhkəməsində araşdırılmasını istəyir. İşin Avropa Məhkəməsinə gedib çıxması üçün ərizəçi mütləq yerli məhkəmə instansiyalarına müraciət etməlidir. Sahib Rüstəmli deyir ki, bu səbəbdən məcbur olub, yerli məhkəməyə müraciət edib.