AXCP sədri Əli Kərimli 42 yaşını məhbəsdə qeyd edən müavini, vicdan məhbusu Fuad Qəhrəmanlını doğum günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:
Müavinim, vicdan məhbusu, prokurorun 11 il azadlıqdan məhrum edilməsini istədiyi, əqidə və mübarizə dostum Fuad Qəhrəmanlının ad günüdür.
Fuad bəy gənc nəsl siyasətçilərin ən parlaq nümayəndələrindəndir. Onun 42 yaşı olur, lakin o artıq 27 ildir ki, mübarizədədir, bizimlədir. Təəccübləndiniz? Bəli, Fuad bəy yeniyetmə yaşlarından Xalq Hərəkatına qoşulub. 27 ildir ki, dayanmadan, büdrəmədən, hər il, hər gün özünü daha da gəlişdirərək şərəfli bir yola yolçuluq edir. Siyasi fəaliyyətinə görə üçüncü mühakiməsini yaşayır. Hakimiyyət ona çox qəzəblidir. Siyasi karyerası boyu Fuad bəyə dəfələrlə “başgicəlləndirəcək” təkliflər edilib. Hər dəfə də Fuad bəy ona təklif edilən vəzifə və sərvətdən tərəddüsüz imtina edib. Hakimiyyətin qəzəbinin bir səbəbi bu imtinalardırsa, digər səbəbi Fuad bəyin şəxsi qabiliyyətlərilə bağlıdır. Fuad bəy Milli Şuranın “Talana son!” mitinqlərinin əsas təşkilatçısı idi. O hər zaman hakimiyyətlə ideoloji mübarizənin də ön xəttindədir. Çox sərt yazırdı, kəskin çıxışlar edirdi, hakimiyyətin hər bir səhvini anındaca ifşa edirdi. Rejimin Nardaran cinayətini də ifşa edənlərin ön sırasında idi Fuad bəy. Ölkədə prinspial müxalifətçilik xəttinin əsas dayaqlarından biridir Fuad bəy. Bütün bunlara görə hakimiyyət ona qarşı analoqsuz addım atır. Yazdığı yazılara görə Fuad bəyi uzun müddətə həbs etmək istəyirlər. 2 gün öncə məhkəmədə söylədiyi son söz bir daha nümayiş etdirdi ki, Fuad bəy nə qədər yetkin, cəsarətli, qətiyyətli, mərd siyasi xadimdir.
Əziz Fuad bəy, ad günün mübarək! Allah sənə uzun və xoşbəxt ömür bəxş etsin. Allah sənə öz qabiliyyət və bacarığını Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğuna həsr etmək imkanı yaratsın. Sənə və bütün əqidə dostlarımıza azadlıq arzu edirəm!