Cümə günü postundan gedəcək ABŞ prezidenti Barak Obama amerikalılara vida məktubu yazıb.
Məktubun mətni Ağ Evin saytına yerləşdirilib.
Obama bildirib ki, ənənəyə görə, prezident Oval kabinetdə öz xələfinə xeyir-dua məktubu qoyur.
“Lakin 45-ci prezidentimiz üçün məktub qoymazdan əvvəl istəyirəm sonuncu dəfə 44-cü prezident kimi xidmət etmək şərəfinə layiq gördüyünüz üçün sizə təşəkkür edim”, — deyə Obama məktubunda yazıb.
Onun sözlərinə görə, amerikalıların sayəsində o həm prezident, həm də bir insan kimi daha yaxşı olub.
“Amerika hansısa bir insanın layihəsi deyil. Bizim demokratiyada ən güclü söz “biz” kəlməsidir”, — deyə Obama bildirib.
O, məktubunda üç məşhur ibarəni xatırladıb: “Biz xalqıq” (ABŞ Konstitusiyasının ilk sözləri), “Biz öhdəsindən gələcəyik” (Məşhur etiraz mahnısı və şüarı) və “Bəli, biz bacararıq” (2008-ci ildə Obamanın seçkiqabağı şüarı).