“Fərail Bünyadovu polislər elə vurmuşdu, başının əti çıxmışdı”
“Həkimlər bədənimdən güllələri çıxarmaq istəyib, polislər qoymayıb”
“Nardaran işi” üzrə məhkəmə prosesi davam edir. Məhkəmə təqsirləndirilənlərin son sözlə çıxış etmələri mərhələsindədir.
Yanvarın 18-də keçirilən məhkəmədə daha beş nəfər – Əli Nuriyev, Şamil Abduləliyev, Abbas Tağızadə, Zakir Mustafayev və Rasim Mustafayev son sözünü deyib. Daha bir nəfər – Əlibala Vəliyev son söz deməkdən imtina edib: “Sözüm yoxdur”.
Şamil Abduləliyevə isə hakim son sözünü başa çatdırmağa imkan verməyib.
18 yanvar prosesini də izləməyə həmişəki kimi, təqsirləndirilənlərin yaxınları ilə yanaşı çox sayda ictimai-siyasi fəallar gəlib. AXCP sədri Əli Kərimli bu dəfə də məhkəmədə iştirak edib və fasilə zamanı prosesin gedişi barədə toplaşanlar qarşısında çıxış edib.
Təqsirləndirilən şəxslərin hamısı son sözlərində günahsız olduqlarını, haqsızlığa etiraz etiraz etdiklərinə görə cəzalandırıldıqlarını bildiriblər, onlara verilən işgəncələrdən danışıblar.
“Fərayil Bünyadova güllə dəyməmişdi. Onu da tutub mebel maşınında aparırdılar. Dubinka, avtomatın qundağı ilə başına o qədər vurdular ki, başının əti sallanmışdı. Onu döyə-döyə öldürdülər. Bunlar nə qədər zalımdılar ki, mebel maşınında şəhid qardaşlarımızın cəsədlərini ayaqlayırdılar”, – Əli Nuriyev bildirib.
O, əlavə edib ki, BMCMİ-də onu işgəncələrlə yanaşı, həm də ailəsilə hədələyib, müəyyən ifadələrə imza atdırıblar.
Nardaran əməliyyatında güllələnən və hələ də bədənimdə iki güllə gəzdirən, əl ağaclarının köməyi ilə hərəkət edən Şamil Abduləliyev deyib ki, bu məhkəmə ittihamları darmadağın etməklə yanaşı, həm də hakimiyyətin gerçək mahiyyətini ortaya qoydu: “Vətəndaşlara divan tutub işgəncə verirlər ki, hakimiyyətdə rahat otursunlar. Hakimiyyəti itirmək qorxusu bunları rəzil duruma salıb. Ona görə belə çirkin işlərə imza atırlar. Əgər bu zülmə qarşı mübarizədə kimsə yaxasın kənara çəkirsə, hakimiyyətin zülmünə şərik çıxır. Bizi güllələyəndən sonra atıb getdilər. Məni kənd camaatı xəstəxanaya çatdırdı. Xəstəxanada reanimasiyadan çıxarıb, narkozun təsiri altında bizə təzyiq göstərdilər. Həkimlər mənim, Bəhruz Əsgərovun bədənimdəki güllələri çıxarmaq istəyib, polislər qoymayıb. Bununla da ürəkləri soyumadı. Kürdəxanı təcridxanasına gətirib birbaşa soyuq karsa saldılar. Həmin vaxt bədənimin yarısı gipsdə idi, başqasının köməyi olmadan hərəkət edə bilmirdim. Bunların mahiyyəti budur”.
Həbsindən öncə Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş Şamil Abduləliyev Azərbaycanda hakimiyyətin ölkənin sərvətlərindən tutmuş, xalqın dəyərlərinə, məhkəmələrin ədalətinə qədər hər şeyi mənimsədiyini soyləyib.
Şamil təhsildə, səviyyədə rüşvətdən danışıb, deputat Hadı Rəcəblinim müəllimlərin fəhləlik etməsi barədə təklifini yada salıb: “Siz “millət vəkili” adını daşıyan birinin təfəkkürünə baxın. Bu xalqı ələ salmaq, dəyərləri təhqir etməkdi. Bunlar düşünülmüş şəkildə təhsili məhv edirlər. Məktəbdə qızıarın ayaq yolundan narkotik istifadəsi üçün vasitələr tapılıb, bu dəhşətdir. Hakimiyyət bunları planlı edir. Polislər otururlar narkotik satanın evinin yanında, satanı tutmurlar, gəlib narkotik alanı tuturlar. Mübarizə aparmaq belə olmur. Narkotiki satan özləridir. Xəstə qadının sağlam ayağını kəsiblər”.
Hakim Əlövsət Abbasov Şamilin çıxışını dayandırıb, tanınmış adamların adlarını çəkməməyi, yalnız öz işi haqda danışmağı tələb edib. Hakim qəfil məhkəmədə fasilə elan edib. Fasilədən sonra isə ona son sözünü davam etdirməyə imkan verməyib.
Nardaran əməliyyatının çəkilişi hardadı?
Daha sonra Abbas Tağızadə son sözlə çıxış edib. O, bildirib ki, Nardaranda əzizlərini şəhid ediblər:”Xanımlarımıza əl qaldırdılar. Bizə 21 maddə ilə ittiham veriblər. Mənə imza etdirdilər, amma nəyə qol çəkdiyimi deməyiblər. Aldatdılar ki, ekspert rəyləridir. Bilsəydim imzalamazdım. Biz adam öldürməmişik. Terrorçu deyilik ki, öz qardaşlarımıza güllə ataq. Onlar öz polislərini gözümün qabağında özləri vurdular. Orada çəkiliş də aparırdılar. Əgər məhkəmə normal araşdırma aparsaydı, onlardan o çəkilişi tələb edərdi, baxardı, həqiqəti özü görərdi”.
“Camaat 12 milyonluq yol yeyəcək?”
Rasim Cəbrayılov son sözündə məhkəmənin ədalətsiz keçirilməsindən, ölkədə korrupsiyanın geniş yayılmasından, əhalinin böyük əksəriyyətinin səfalət içində yaşamasından danışıb: “Ölkənin yiyəsi yoxdur. Dustağa sovqat gəlir, hamısı tökülür dilənçi kimi, beş manat istəyir. İnsanlara zülm eləyirlər. Belədirsə, bu xalqı aparın dənizə tökün, birdəfəlik canımız qurtarsın. Prezident prezident olsaydı, xalq bu günə qalmazdı. Rayonların mərkəzində park, heykəl, on kilometr gedirsən, xarabalıqdı. Deyirlər, Nardarana 12 milyona yol çəkiblər. Nardaranlılar torpağın üstündə də yaşayarlar, imkan versələr. İş-güc, normal dolanışıq olmayandan sonra camaat neynir yolu? Yol yeyəcəklər?”
Azərbaycanda nəinki din azadlığı, ümumiyyətlə, azadlıq olmadığını deyən Rasim Cəbrayılov çıxışının sonunda deyib ki,heç bir cəza onu haqq bildiyi yoldan çəkindirə bilməz.
“Elə vəhşiliklər gördük ki, adam dilinə gətirmək istəmir”
Zakir Mustafayev isə son sözündə bildirib ki, Azərbaycanda dövlətin konstitusion quruluşunun dəyişməsini qətiyyən istəmirlər. Onlar dünyəvi, amma insanların azadlığının olduğu, hüquqlarının qorunduğu, ayrı-seçkiliyə məruz qalmadığı ölkədə yaşamaq istəyirlər: “Azərbaycanda haqq-ədalətin, demokratiyanın bərqərar olması üçün nəinki həbsə, canımı verməyə hazıram”.
Zakir Mustafayev ona verilən işgəncələrdən də danışıb: “Biz “bandotdel”də elə ağlasığmaz işgəncələr, vəhşiliklər gördük ki, adam dilinə gətirmək istəmir. Mənə dəmir dubinka ilə verilən işgəncələrdən əlavə ailəmlə təhdid elədilər. Bununla da kifayətlənmədilər. Məni Kürdəxanı təcridxanasına gətirən kimi “karsa” saldılar. Ardınca təcridxananın gəzinti yeri var, çöldədi, üstü açıq. Məni qışda, şaxtalı gündə nazik paltarda səhərdən axşam saat 11-in yarısına qədər orada saxladılar. O havada qalın paltarda çöldə 15 dəqiqə dayanmaq olmazdı. Yağış da yağırdı. Mən donmuşdum, oradan axşam leşimi çıxartdılar. Üç gün qızdırıcıya yapışdım, yenə donum açılmırdı”.
Əməliyyat günü Nardaranda toplaşdıqları evdə kimsədə silah-sursat olmadığını deyən Zakir Mustafayevin fikrincə, iki polisi də qəsdən öldürüblər ki, Taleh Bağırov və ərtafındakılar haqda “radikal”, “terrorçu” görüntüsü yaratsınlar.
Yanvarın 19-da davam edəcək məhkəmədə qalan iki təqsirləndirilən – AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Abbas Quliyev son sözünü deyəcək.