“Bunlar da Misir, Liviya, Tunis liderləri kimi avtoritarizm xəstəliyinə yoluxaraq reallıq hissini itirib”
Eldar Namazov: “Azərbaycanın beynəlxalq aləmdə partnyoru demək olar ki, qalmayıb”
Azərbaycan Naminə İctimai Forumun prezidenti, Ziyalılar Forumunun üzvü Eldar Namazov gündəmin əsas mövzuları ilə bağlı “Azadlıq”ın suallarını cavablandırır:
– Eldar müəllim, hakimiyyətin Avropa Parlamentinin son qətnaməsində insan hüquqlarını pozan Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı məqamın əksini tapması nəyin görsənişidir?
– Həmin o qətnamənin ən vacib məqamı və Azərbaycan iqtidarı tərəfindən isterik reaksiyaya səbəb olan əsas məsələ insan haqlarını pozan dövlət məmurlarına qarşı sanksiyaların tətbiq olunmasıdır. Bu çox önəmli məsələdir. Demək olar ki, bu bir psixoloji baryerdir. Uzun müddət idi ki, beynəlxalq qurumlar bu baryeri aşa bilmirdilər. Biri var tənqid edərək təklif edəsən, bir də var insan haqlarını pozan məmurlara qarşı sanksiyalar tətbiq etməyə başlayasan. Bu artıq ikitərəfli münasibətlərin tam başqa, yeni keyfiyyət aldığına işarədir. Mən də bu məsələni uzun müddətdir beynəlxalq qurumlarla müzakirə edirəm. Sizin qəzetinizdə hüquq müdafiəçisi Leyla Yunus ABŞ dövlət katibinin müavini Nikolos Bernslə görüşümüz barədə məlumat verəndə qeyd etmişdi ki, Eldar Namazov məmurlara qarşı belə bir sanksiyanın tətbiq olunmasından danışıb. Bu yaxınlarda Azərbaycana səfər edən Avropa komissarı Füle ilə müxalifətin görüşündə yenə bu məsələni qaldırıb Avropa strukturları ilə müzakirə etmişəm. Uzun müddət Qərbin cavabı belə olurdu ki, bu olduqca ciddi məsələdir və onlar hələ belə bir qərarın qəbul olunmasına hazır deyillər. Amma mayın 24-də Azərbaycanla bağlı Avropa Parlamentində müəyyən məsələlər müzakirə ediləndə artıq bu bənd qəbul olunub. Avropa Birliyinə tövsiyələr verilib ki, bu istiqamətdə addımlar atılmalıdır. Avropanın qanunverici orqanı artıq qərar verib, icra orqanı da bir qayda olaraq parlamentin qərarlarının icrası ilə bağlı addımlar atır.
Hakimiyyət erməni dəyirmanına su tökür
– Hakimiyyətin qətnaməyə bu cür sərt reaksiyasına səbəb nədir?
– Məhz o bənd ki, məmurlara qarşı sanksiyanın reallaşmasını nəzərdə tutur. Azərbaycanda korrupsiyanın baş alıb getdiyini, eyni zamanda məmurların bir çox ölkələrdə, o cümlədən Avropada xeyli bank hesabları, mülkiyyətləri var, çoxlarının övladları orda yaşayır. Belə mənada Avropa strukturlarından iqtisadi sanksiyaların tətbiqi o deməkdir ki, onlara viza da ləğv edilə, hesabları dondurula bilər. Amma bu məlumatların ictimaiyyətə çatdırılması qaçılmazdır. Çünki insan haqlarının pozulmasının, korrupsiyanın səviyyəsi o həddə çatıb ki, nə Azərbaycan cəmiyyəti, nə də beynəlxalq qurumlar bu cür dözülməz vəziyyətə göz yuma bilməzlər.
– Əli Həsənov hətta bir qədər də irəli gedərək AB-ın ünvanına verdiyi bəyanatda “başına dəysin qonşuluq proqramı” deyib. Bu qəbildən olan açıqlamalar hakimiyyətə nə vəd edir?
– Hakimiyyət nümayəndələrinin son günlərdə həm Avropa Parlamentinin qərarı, həm də Avropa mətbuatında gedən məqalələrlə bağlı bəyanatlar son vaxtlar görkəmli ziyalılarımızın qeyd etdiyi bir faktı çılpaqlığı ilə ortaya qoyur; Azərbaycanda hələ bu qədər səviyyəsiz bir hakimiyyət olmayıb. Təsəvvür edin: bu adamların korrupsiya, insan haqlarının pozulması ilə bağlı Avropa Parlamentindəki fikirlərə, mətbuatdakı məqalələrə əks arqumenti belə olur ki, nəyə görə onlar Azərbaycan torpaqlarının işğalına göz yumurlar. Bu çox dəşətli, faciəvi bir haldır. Birincisi, bu beynəlxalq təşkilatlar Qarabağla bağlı mövzunu həmişə diqqətdə saxlayırlar. Avropa Parlamenti son illərdə Qarabağ məsələsi ilə bağlı iki dəfə qətnamə qəbul edib. Hər iki qətnamə də Ermənistanda böyük etirazla qarşılanıb. Çünki torpaqlarımızın işğal olduğu qeyd edilir və işğalçıların ərazilərimizdən çıxarılması vurğulanır. Amma Azərbaycanın Milli Məclisi bütün xahişlərə, tələblərə baxmayaraq bir dəfə də olsun Qarabağ məsələsini müzakirəyə çıxarmayıb. İndi baxın: erməni dəyirmanına kim su tökür, illərdir Qarabağ məsələsini müzakirəyə çıxarmayan bizim Milli Məclis, yoxsa erməni işğalı ilə bağlı iki dəfə müzakirə apararaq qətnamə qəbul edən Avropa Parlamenti? Ancaq bununla yanaşı hakimiyyət nümayəndələrinin daim Qarabağın işğal olunmasını bəhanə gətirərək insan haqları, korrupsiya ilə bağlı ittihamlara cavab verməsi o anlama gəlir ki, Azərbaycan hakimiyyəti Avropa və Amerikaya deyir ki, əgər siz Azərbaycan torpaqlarının işğalına dözümlü yanaşırsınızsa, o zaman imkan verin qalan ərazidə azərbaycanlıların milli sərvətlərini talan edək. Bu məntiqlə çıxış edən insanlardan soruşmaq lazımdır ki, sizin ermənilərdən fərqiniz nədir onda? Bu arada YAP nümayəndəsi Əli Əhmədov Rüstəm İbrahimbəyova məqalə yazaraq cavab verməyə çalışıb. Özü də rus dilində. Bu adamı tanıyanlar gözəl bilirlər ki, bu şəxs rus dilində iki kəlmə də danışa bilmir. Necə ki, bu şəxslər qısa müddətə rüşvətlə elmlər namizədi və elmlər doktoru olublar, elə cavab məqalələri də rüşvətlə kimlərəsə yazdırılır. Özlərini gör kiminlə müqayisə edirlər. Ümumiyyətlə, hakimiyyət nümayəndələrinin Avropa Parlamenti ilə bağlı çıxışlarına qulaq asanda mənim yadıma Hitlerlə bağlı məhşur lətifə düşür. “Kül Avropanın başına, gör onların üzərinə kimlər gəlir”.
Azərbaycan xarici siyasətdə çətin durumdadır
– İranla münasibətlərin bu dərəcədə gərginləşməsi nə vəd edir?
– İndi Azərbaycan həm Qərbə diplomatik müharibə elan edib, həm Rusiya, İran ilə münasibətləri kəskinləşdirib. Türkiyə ilə isə son baş verənlərdən sonra əlaqələrdə durğunluq hiss olunur. Yeganə münasibətlərimiz normal olan ölkə Gürcüstan idi. Bu dövlətlə də bizim hakimiyyətin təşəbbüsü ilə sərhəddə yeni postlar qoyulub və ciddi diplomatik gərginlik yaranıb. Hakimiyyətin balanslaşdırılmış siyasəti ilə bağlı fikrimdə dəfələrlə bildirmişəm ki, hansısa hallarda dövlətlər bu diplomatik texnologiyadan istifadə edirlər. Amma bunun bir şərti var. Bu siyasət böyük ustalıq və təcrübə tələb edir. Onu qeyri-peşəkar səviyyədə keçirəndə o zaman sən hamı ilə düşmən olursan. Azərbaycan diplomatiyasının düşdüyü vəziyyəti belə xarakterizə etmək olar ki, çox səviyyəsiz şəkildə, bəsit yanaşmalarla guya balanslaşdırılmış siyasət aparılır. Nəticədə də Azərbaycanın beynəlxalq aləmdə etibarlı partnyorları, demək olar, qalmır. Azərbaycanda hələ indiyə qədər belə hakimiyyət olmayıb ki, həm daxili, həm xarici siyasətdə Azərbaycanı çətin durumda qoysun.
– Nədən birdən-birə Azərbaycanın bütün qonşuları ilə münasibətləri korlandı?
– Bu cür yürüdülən xarici və daxili siyasətin sonluğu belə olur. Bu siyasətin bünövrəsi çoxdan qoyulub. Sadəcə olaraq artıq bu siyasət o həddə gəlib çatıb ki, hakimiyyətin atdığı hər növbəti addım ona xeyirdən daha çox zərər gətirir. Bir müddət ola bilsin ki, bu o qədər də gözə çarpmadı. Neft pullarının hesabına bu yanlış siyasətin təsirini görmək olmurdu. Amma elə mərhələ gəlir ki, bünövrədə qoyulan bu saatlı minalar partlamağa başlayır. Çünki hakimiyyətin yürütdüyü siyasətin Azərbaycan xalqının maraqlarına uyğun bünövrəsi yoxdur.
– Belə bir fikir də var: hakimiyyət ona görə İranla münasibətləri sərtləşdirir ki, Qərbdən gələn demokratiya təzyiqlərini yumşaltsın?
– Kimsə belə düşünə bilər. Ola bilsin, məmurlar hesab edirlər ki, İranla münasibətləri bu həddə çatdırmaqla Qərbdən dəstək almaq olar. Amma nəticə nədən ibarətdir, eyni zamanda bütün tərəflərlə münasibətlər pozulur. Hələ belə sistemli şəkildə dünya ictimaiyyətində fikir formalaşmamışdı ki, Azərbaycan hakimiyyəti insan haqlarını pozan, avtoritar rejimdir. Bu tip neqativ yazılar yalnız “ərəb baharı” zamanı diktatorlarla bağlı yazılırdı. İndi özünüz təsəvvür edin, İranla münasibətləri kəskinləşdirmək hesabına Qərblə əlaqələri düzəltmək mümkündürmü? Bu, bəsit yanaşmadır və yanlış mövqedir.
Klinton yenidən ABŞ-ın demokratiya maraqlarını təkrarlayacaq
– Bir neçə gün sonra ABŞ-ın dövlət katibi Hillari Klinton Bakıya səfər edəcək. Bu səfərdən gözləntiləriniz nədir?
– Xanım Klinton artıq ikinci səfərini Bakıya edir. Nəzərə almaq lazımdır ki, ABŞ-ın dövlət katibinin Azərbaycana səfərləri, ümumiyyətlə, həyata keçirilmirdi. Bu onu göstərir ki, bizim bölgə ABŞ administrasiyasının diqqət mərkəzindədir. ABŞ-ın hakimiyyətə gətirdiyi mesajlar da güman etmirəm ki, əvvəlkilərdən ciddi fərqlənəcək. Söhbət həm demokratiya, insan haqları və enerji resursları ilə bağlı olacaq. O cümlədən regional təhlükəsizlik, İran məsələsinə də toxunulacaq. ABŞ bu mesajları uzun müddətdir ki, hakimiyyətə verir. Əsas odur ki, bu mesazjlara qulaq asan tapılacaqmı? Hakimiyyət həmişə Qərbdən gələn mesajları qulaqardına vurub. Hazırda da Avropa Parlamentinin reaksiyasına bu cür sərt cavablar səsləndirdiyim suala müsbət cavab verməyə imkan vermir.
– Sizin başınızın şəxsi problemlərinizə qarışdığı bir zamanda Əli Əhmədovun Ziyalılar Forumuna, xüsusilə də sizin ünvanınıza sərt açıqlamaları oldu. Bu açıqlamalara münasibətinizi bilmək istərdik?
– Üzrlü səbəblərdən bir müddət mətbuata açıqlama vermirdim. Həmin müddətdə mənim dostlarım səslənən fikirlərə tutarlı cavab veriblər. Hesab edirəm ki, ittihamı səsləndirənlər bundan artıq diqqətə layiq deyillər.
– Dünyanın diqqətinin bir müddət əvvəl Azərbaycanda olmasına baxmayaraq, hakimiyyət yenə də siyasi məhbus problemini gündəmdə saxladı. AXCP sədrinin evi qarşısında hakimiyyət piket keçirdi, Ə.Kərimli polis bölməsinə dəvət edildi. Bu siyasətin məqsədi nədir?
– Azərbaycanda yaşadığımız proseslər, gördüyümüz mənzərə bizim üçün nə qədər ağır olmasına baxmayaraq, nəzərə almaq lazımdır ki, bütün avtoritar rejimlər bu yolla gedir. Misirdə, Tunisdə, Liviyada hadisələr baş verəndə həmin avtoritar liderlər, ətrafındakı şəxslər hansı bəyanatlarla çıxış edirdilər. Yəqin avtoritarizm deyilən siyasi xəstəlik var. Həmin avtoritarizm xəstəliyinin ən vacib simptomlarından biri də reallıq hissini itirməkdir. Azərbaycan ziyalılarına, demokratik qüvvələrə qarşı verilən bəyanatların hamısında anormal məntiq nəzərə çarpır. Avtoritarizm xəstəliyinə düçar olan rejimlərin hamısı reallıq hissini itirir. Ona görə hamısının aqibəti çox pis olur. Çünki vaxtında situasiyanı düzgün qiymətləndirib başqa yolu seçməyə onların nə siyasi iradəsi, nə də korlanmış təfəkkürü imkan verir.
Cəmiyyətimizdə hazırda SSRİ dağılan zamankı ab-hava var
– Bir müddət əvvəl seyrçi mövqedə qalan şəxslər belə hakimiyyəti tənqid edirlər. Onların sırasına Rza İbadov, Hüseyn Abdullayev və Zeynəb Xanlarova daxildir. Bu məqam nəyin görsənişidir?
– Cəmiyyətimizdə yeni ovqat hiss olunur. Bu məsələdə Ziyalılar Formunun da böyük rolu oldu. Nəticədə Azərbaycan toplumunda gedən proseslərə mənfi, tənqidi yanaşan insanlar meydana gəlməyə başladılar. Demək olar ki, cəmiyyətin bütün təbəqələri baş verənlərlə bağlı fikirlərini söyləyirlər. Bununla yanaşı hakimiyyətin daxildən, xaricdən səslənən tənqidi fikirlərə səsləndirdiyi arqumentlər də cəmiyyətdə yalnız gülüş doğurur. Artıq insanlarda hakimiyyətin addımlarını görəndə qorxu hissi yox, gülüş hissi yaranır. SSRİ-nin də dağılması o zaman baş verdi ki, hakimiyyətin atdığı addımlar cəmiyyətdə gülüşə səbəb olurdu. Həmin tendensiya indi hakimiyyətə münasibətdə duyulur. Belə bir vəziyyətdə hamı gec-tez mövqeyin ortaya qoyacaq.
– “Eurovision” yarışması ərəfəsində Azərbaycanın beynəlxalq aləmin gündəminə gəlməsininin günahını hakimiyyət demokratik qüvvələrdə görür. Bu nə dərəcədə məntiqli yanaşmadır?
– Hakimiyyət özü bu müsabiqəni siyasiləşdirməyə başladı. Hakimiyyət gənclərimizin parlaq qələbəsini az qala hakim partiyanın uğurlu daxili və xarici siyasətinin simvoluna çevirmək istəyirdi. Belə bir yanlış yanaşma da hakimiyyətin özünə də baha başa gəldi. “Eurovision” yarışması zamanı xaricilər medalın hər iki üzünü gördülər. Dünya gördü xalqımız qonaqpərvər, istedadlı, zəngin mədəniyyətə sahibdir. Amma dünya gördü ki, bu gözəl diyarda, şəhərdə millətin vəziyyəti ağırdır. İnsanların haqları pozulur, korrupsiya baş alıb gedir. Reallıq da bundan ibarətdir. Azərbaycan müxalifəti, ziyalıları heç zaman deməyiblər ki, Azərbaycan gözəl ölkə deyil. İqtidar bunu öz adına yazmalı deyil. Bu, bizim min illərdir formalaşan mədəniyyətimizdir.
Xəyal