Mənsum İbrahimov: «Bir dəstə adamı gecə-gündüz təbliğ edirlər, camaat da düşünür ki, yəqin başqası yoxdur»
Məşhur muğam ustası “Azadlıq”ın yeni layihəsində
«Televiziyalara çıxıb ailə tərbiyəsindən, əxlaqdan danışırlar, məsləhət verirlər, halbuki həyatda öz əxlaqı düzgün deyil»
“Azadlıq” ölkənin tanınmış ictimai, siyasi, mədəniyyət xadimləri ilə cəmiyyətimizin müxtəlif sahələri üzrə problemlərimizin müzakirəsinə başlayır. Müsahibə janrında olacaq bu müzakirələrdə ilk həmsöhbətimiz tanınmış muğam ustası, xalq artisti Mənsum İbrahimovdur.
Dosye: Mənsum Ibrahimov. 1960-cı ildə Ağdamın Imamqulubəyli kəndində anadan olub. Ağdam kənd məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Daha sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetində davam etdirib. 1985-ci ildən Opera və Balet Teatrının solistidir. 1998-ci ildə “Əməkdar artist”, 2005-ci ildə “Xalq artisti” fəxri adı ilə, 2010-cu ildə “Şöhrət ordeni” ilə təltif edilib. Prezident mükafatçısıdır. Muğam sahəsində 100-ə qədər yetirməsi var.
Dosye: Mənsum Ibrahimov. 1960-cı ildə Ağdamın Imamqulubəyli kəndində anadan olub. Ağdam kənd məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıb. Daha sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universitetində davam etdirib. 1985-ci ildən Opera və Balet Teatrının solistidir. 1998-ci ildə “Əməkdar artist”, 2005-ci ildə “Xalq artisti” fəxri adı ilə, 2010-cu ildə “Şöhrət ordeni” ilə təltif edilib. Prezident mükafatçısıdır. Muğam sahəsində 100-ə qədər yetirməsi var.
– Mənsum bəy, bu gün televiziyalarımız sənətdən çox bayağılığı təbliğ edirlər. Niyə əsl sənət bu qədər dəyərdən düşüb?
– Təkcə Azərbaycanda yox, bütün dünyada şou daha çox önə keçib, nəinki ciddi sənət. Amma bizdə bir qədər qabarıq formadadır. Xaricilər öz layihələrini işləyirlər, bizdə ordan-burdan götürmədir. Ciddi qəbul olunmayan insanlar televiziyalara çıxıb ailə tərbiyəsindən, əxlaqdan danışırlar, məsləhət verirlər. Halbuki özünün əxlaqı düzgün deyil, ailəsində normal ab-hava yoxdur. O insan məsləhət verə bilər ki, buna haqqı çatır, cəmiyyətdə bir çəkisi var. Əxlaq, tərbiyə, səviyyə baxımından xalq tərəfindən qəbul olunur. Amma bizdə əksinədir. Ona görə, belə verilişlər verəndə çox ciddi olmaq lazımdır. Demirəm ki, hər şey ciddi olsun. Belə olsa, tamaşaçı baxmaq istəməyəcək. Rəngarənglik olmalı, hər kəs istədiyini tapa bilməlidir. Amma layiqlilər verilməlidir. Bizdə musiqi siyasəti düzgün qurulmayıb. Mən gecə-gündüz muğam verilməsinin də əleyhinəyəm. Bu, kampaniya şəklində olmamalıdır. Yoxsa insanları yoracaq, gözdən düşəcək. Yeməklərimizin şahı plovdur, onu harda gəldi vermək olar? Olmaz. Eləcə də musiqimizi hörmətli formada, yaxşı sənətkarlarımızın ifasında təqdim etmək lazımdır. Muğamdı deyib küçədən keçəni efirə çıxarmaq olmaz. Efir mədəniyyəti elə bir şeydir ki, orada insanların oturuşundan tutmuş, görünüşünə, danışığına, səhnə mədəniyyətinə qədər hər şey yerində olmalıdır. Bizdə belə bir stereotip formalaşıb ki, televiziyada verirlərsə, demək həqiqətdir. Bu, bəzən insanları aldadır. Tamaşaçı deyir ki, pisdirsə, bahalı maşını, bahalı evi hardandandır. Elə insan yoxdur ki, yaxşı yaşamaq istəməsin. Hamı istəyər normal evi, normal yaşayışı olsun. Amma hər şeydə ədalət olmalıdır. Efirə çıxıb evlərini, maşınlarını, əşyalarını nümayiş etdirirlər. Bu nə dərəcədə düzgündür? Bizim nə qədər qaçqın-köçkünümüz, maddi vəziyyəti pis olan insanlarımız var. Bu cür şeylər onların psixoloji durumuna təsir edir, pis vəziyyətə salır. Mən bunun əleyhinəyəm. Sənət adamı çıxıb evdəki əşyasından yox, sənətindən danışmalıdır. Təbii ki, sənəti olmayan gündəmdə qalmaq üçün başlayacaq bu cür yollara əl atmağa.
– Amma gənclərimiz də “pul müğənnilikdədir” deyib bu sahəyə axın edirlər. Musiqi yarışmalarına qatılmaq üçün ucqar kəndlərdən gələnlər var. Çoxu da səsi olmayıb, həvəsi olanlardır…
– Doğrudan da son vaxtlar ifaçılığa böyük axın var. Bu sahəyə heç vaxt bu qədər gənc gəlməyib. Tutalım, səsi olan da, olmayan da gəlib muğam öyrənmək istəyir. Təbii ki, səsi olmayan oxuya bilməyəcək, bu mümkün deyil. Bir dəfə orta yaşlı bir xanım gəlmişdi. Uşaqları daha çox valideynlər gətirir deyə, elə bildim bu da övladına görə gəlib. Sonra məlum oldu ki, özü üçün gəlib. Soruşdum, nə işə baxırsan, ailəlisənmi? Dedi, ailəm var, uşaqlarım da ali məktəbdə oxuyur. Özüm də evlərdə təmizlik işi ilə məşğul oluram ailəmi dolandırıram. Görürəm ki, bununla dolana bilmirəm, istəyirəm oxuyum. Yoxladım, gördüm ki, səsi yoxdur. Dedim axı sənin səsin yoxdur. Dedi, Mənsum müəllim, bəyəm, indi oxuyanların çoxunun səsi var? Görürəm, o da haqlıdır. Deyir, istəyirəm toyalara gedim, heç olmasa, normal pul qazanım. Yəni insanlar bəzi müğənnilərə baxandan sonra bu sənətə yüngül qazanc mənbəyi kimi baxırlar. Görürlər ki, səsi yoxdur, kompüterin köməkliyi ilə oxuyur, bu da düşünür ki, bu cür elə mən də oxuyaram. Bu çox təhlükəli tendensiyadır və sonu pis qurtara bilər. Çox vaxt deyirlər ki, dövlət səviyyəsində müdaxilə, qadağa, senzura olmalıdır. Bunların hamısını biz keçmişik. Heç bir yasaq problemi həll etmir. Bununla mübarizə aparmaq lazımdır. Burada jurnalistlərin də üzərinə böyük iş düşür. Çox təəssüf ki, bəzi “jurnalistlər” şou əhlini gecə-gündüz elə təbliğ edirlər ki, insanları çaş-baş qoyurlar. Üzeyir bəyin bir sözü var, deyir, istedadlılara kömək edin, istedadsız özü bir yol tapıb çıxacaq. Muğamla bağlı çox yaxşı yol tapıldı – müsabiqə.
Bu müsabiqələr mübarizənin birinci yoludur. Istedadsızlar istər-istəməz ələnəcək. Çünki tamaşaçı hər şeyi görür. O birilərində isə seçim imkanı verilmir. Bir dəstə adamı gecə-gündüz təbliğ edirlər, camaat da düşünür ki, yəqin başqası yoxdur.
– Televiziyalar da deyirlər ki, ən reytinqli verilişlər elə həmin şoulardır. Belədirsə, ucuz şou sosial sifarişdən doğur, yoxsa, tamaşaçıların zövqü korlanıb?
– Sənət aləmi yaxşı mənada tamaşaçını arxasınca aparmalı, onun zövqünü formalaşdırmalıdır. Zövqsüz tamaşaçının arxasınca gedəndə təbii ki, zövqlər korlanacaq. Bir müəllimim həmişə belə deyərdi ki, siz musiqiçilər mənəvi tərbiyəçilərsiniz. Bu televiziyalara da aiddir. O qədər zövqsüz insan var ki. O insanların reytinqi ilə ölçəndə təbii ki, şoular reytinq baxımından öndə olacaq. Türkiyədə və ya başqa ölkələrdə şouların içində elə mövzular qoyulur ki, insanları düşünür, ondan nə isə götürürlər. Yəni şou ideologiyanı çatdırmaq üçün forma olur. Bizdə isə şounu məzmuna çeviriblər.
– Müsabiqələrdən söz düşmüşkən, heç olubmu ki, səsi, istedadı olmayanları xətir-hörmətə qabağa verməyi xahiş etsinlər və ya zəng eləyib tapşırsınlar?
– O qədər olub ki. Özü də tək müsabiqədə yox. Hansısa gənci gətirib deyirlər ki, çox xahiş edirəm köməklik elə. Deyirəm, buyur, gətir qulaq asım. Mənim üçün meyar onun səsidir. Qulaq asıram, zəng edib deyirəm ki, qardaş, bu sənətlik deyil. Başqa sahələrdə tanışlıq işə yaraya bilər. Amma bizdə mümkün deyil. Çünki sabah bu adam səhnəyə çıxmalıdır. Səhnədə ona nə əmisi, nə dayısı, nə dostu-qardaşı kömək etməyəcək. Səhnə amansızdır. Min nəfərlik tamaşaçı, yüz nəfərlik orekstr və sən. Buyur, ifa elə. Səsi yoxdursa, həyatı bitdi. Xahiş edənlərə deyirəm ki, neyləyim, onun əvəzinə mən çıxıb oxuyum? Elə sənətkarlar var ki, övladlarını da bu sənətə gətirirlər. Təbii ki, səsi varsa, dəstək ol. Mən heç öz övladlarımı həvəsləndirməmişəm bu sənətə. Heç istəməmişəm də. Bəlkə, özüm çox əziyyət çəkmişəm, ona görə. Eyni zamanda onun əleyhinə olmuşam ki, sənətkarın uşağı sənətkar olmalıdır. Əgər qeyri-adi istedadı olsa, başqa məsələ, dəstək olaram. Yox, sənətə mənə görə gəlirsə, yarı yolda qalacaq. Çünki məni nə atam, nə dayım gətirməyib. Özüm zülümlə gəlmişəm. Çünki içimdə bir yanğı olub. Mən tələbələrimin istedadına, səsinə baxıram kömək edirəm. Heç onların ata-anasının bu işdən xəbəri yoxdur. Özümlə konsertlərə aparıram, efirə çıxarıram, həvəsləndirirəm. Amma deyirəm ki, müsabiqədə zəif çıxış etsəniz, birinci pis qiyməti mən verəcəm. Allah göydən baxır, heç kimə qarşı haqsızlıq etmək olmaz.
– Normal ölkələrin heç birində müğənnilər ölkə başçısını tərənnüm edən mahnılar ifa etmirlər. Azərbaycanda isə bu, “qabağa getməyin” ən rahat yollarından biri sayılır. Siz sənət adamlarının bu cür yarınma cəhdlərinə necə baxırsınız?
– Əlbəttə, olur belə şeylər. Azərbaycanda yaşayırıq və bu da bizim reallığımızdır. Hər kəsin bir xarakteri var. Kim necədirsə, o cür də özünü ifadə edir. Hamının eyni cür olmasını gözləmək olmaz. Bəlkə içərilərində səmimiləri də var, təbii ki, yarınanlar da var. Hər şey göz qabağındadır.
Məncə, ən böyük siyasət sənətdir. Mən xarici səfərlərimdəki bütün konsertlərimdə Qarabağ şikəstəsini oxuyuram. Bir dəfə bir azərbaycanlı mənə irad tutdu ki, Qarabağ şikəstəsini kimin üçün oxuyursunuz, Qarabağ var ki? Başa saldım ki, Qarabağ şikəstəsi bu gün daha çox oxunmalıdır. Unudaq Qarabağı? Unudaq və barışaq? Bizim də silahımız səsimizdir. Qarabağ şikəstəsi bir haraydır. Sonra o adam səhvini anladı. Biz düşünməliyik ki, kimi yetişdiririk? Sabah gənclərimiz əsgər gedəcək. Şou əhli yetişdirmirik ki. Bu məsələdə televiziyaların da üzərinə böyük iş düşür.
– Bu yaxınlarda Bakı dünyanın bahalı şəhərlərinin siyahısına düşüb. Sizcə, Azərbaycanda bazar qiymətləri sadə azərbaycanılının cibinə uyğundur?
– Təbii ki, uyğun deyil. Bazar qiymətləri insanların həyat şəraiti ilə üst-üstə düşmür, reallığa uyğun gəlmir. Yüz faiz razıyam ki, Bakı həqiqətən də bahalı şəhərdir. Başqa ölkələrdəki qiymətləri də görürük, burdakını da. Qiymətlər süni şəkildə şişirdilir. Maaşlar az, qiymətlər bahadır. Azərbaycanda endirimlər də həqiqi olmur. Bir malın qiymətini süni şəkildə artırırlar, sonra da bir neçə faiz aşağı salıb endirim adı ilə satırlar. Əslində eyni qiymət olur. Xaricdə isə əlamətdar günlər və mövsümlə əlaqədar real endirimlər olur. Camaat da bu endirimləri səbirsizliklə gözləyir.
– Mənsum bəy, toy məclislərindəki dəbdəbədən, yeməklərdəki ifratçılıqdan hamı narazı qalsa da, real addım atan yoxdur. Sizcə, yeni ənənənin əsasını kim qoymalıdı?
– Həqiqətən də bizim toylarda dəhşətli ifratçılıq var. Yeməylərin 90 faizi masanın üstündə qalır. Bu dinimizə görə də günah sayılır. Yaxud, musiqinin səsi elə olur ki, sanki insanlara işgəncə verilir. Hamı giley eləyir ki, səs gurdur, yeməklər həddindən artıq çoxdur. Amma sabah övladına toy eləyəndə həmin şeyi özü də təkrar edir. Belə şeylərə qarşı çıxan bir ziyalıya övladının toyunda sual verdim ki, bəs sən özün həmişə şikayət edirdin axı. Dedi, Mənsum müəllim, cəmiyyətin qınağından qorxuram, mənə nə deyərlər, deməzlər ki, xəsislik elədi. Dedim, bu addımı kimsə atmalıdır da. Dedi, niyə mən atım, qoy, kimsə atsın. Bizdə insanlar öyrəşib ki, hər şeyə yuxarıdan müdaxilə olsun. Necə ki, yas mərasimləri ilə bağlı oldu, indi eyni şeyi toy məclisləri ilə bağlı gözləyirlər. Məsələn, Türkiyədə toylarda adama yaxınlaşıb soruşurlar və istəyə uyğun da yemək, içki gətirirlər. Bizdə istədin-istəmədin bu menyü var. Toy yiyəsi xeyir iş eləyir, adamları çağırır, pulu da qazanır şadlıq evləri.
Gültəkin Knyazqızı,
Foto Elmin Həsənlinindir