Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) dekabrın sonunda Ermənistan-Azərbaycan sərhədində silahlı toqquşma zamanı həlak olmuş və Ermənistanda saxlanılan azərbaycanlı əsgərin cəsədinin qaytarılması ilə bağlı Bakı və Yerevanla “məxfi danışıqlar” aparır.
Bu barədə BQXK Yerevan ofisinin nümayəndəsi Hasmik Qalstyan müxbirimiz Aleksey Manvelyana deyib.
Onun sözlərinə görə, tərəflər arasında razılıq əldə edilərsə, BQXK azərbaycanlı əsgərin cənazəsinin qaytarılmasında vasitəçilik etməyə hazırdır.
“İndi yalnız bunu deyə bilərəm. Danışıqlar məxfidir, təfərrüatlarını açıqlaya bilmərik. Hazırda biz vasitəçi qismində öz borcumuzu yerinə yetirmək üçün tərəflər arasında razılıq əldə ediləcəyini gözləməkdəyik”, – Hasmik Qalstyan BBC Azərbaycancanın Yerevan müxbirinə bildirib.
Daha əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Richard Hoagland (ABŞ) Yeni il ərəfəsində Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı insidentlə bağlı birgə bəyanatla çıxış ediblər.
Onlar münaqişə tərəflərini “qarşılıqlı ittihamlara son qoymağa və vəziyyətin stabilləşməsi üçün zəruri tədbirlər görməyə” çağırıblar.
Bəyanatda Bakı və Yerevanın Azərbaycan-Ermənistan sərhədində “bir-birini insan tələfatı ilə nəticələnmiş silahlı basqın cəhdində” günahlandırdığı bildirilir.
Həmsədrlər Ermənistan silahlı qüvvələri tərəfindən silahlı toqquşma zamanı öldürülən azərbaycanlı hərbçinin cəsədinin hələ də qaytarılmadığını qeyd edir.
Həmsədrlər döyüş zamanı həlak olmuş “bütün erməni və azərbaycanlı hərbçi ailələrinə baş sağlığı” verir və “2010-cu il Həştərxan razılaşmasına əsasən və məsələnin müstəsna olaraq humanitar xarakter daşıdığını nəzərə alaraq, təcili surətdə” cəsədi Azərbaycana verməyə çağırır.
“Atəşkəs rejiminin pozulması yolverilməzdir və güc tətbiq etməmək üçün tam məsuliyyət daşıyan tərəflərin öhdəliklərinə ziddir.
Həmsədrlər Ermənistanı və Azərbaycanı 2016-cı il Vyana və Sankt-Peterburq sammitləri əsnasında, insidentlərin qısa müddətdə araşdırılması, ATƏT mexanizmlərinin tətbiq edilməsi də daxil olmaqla, əldə edilmiş razılaşmalara əməl etməyə çağırır”.
Azərbaycan Müdafiə Nazirliyi dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərdiyi və döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edildiyini bildirib.
Azərbaycan MN bəyanatına görə, hadisə nəticəsində Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu itkin düşüb.
Daha sonra erməni tərəfinin məlumatına görə, Azərbaycan hərbi birləşməsinin Ermənistanın Çinari kəndi istiqamətində “diversiya müdaxiləsi cəhdi nəticəsində” döyüş zamanı həlak olmuş bir Azərbaycan hərbçisinin cəsədi Ermənistan ərazisində qalıb. (BBC azeri)