Sabiq deputat “vurulmasından” danışdı və İlham Əliyevin istefaya getməli olduğuna eyham elədi
Sabiq deputat, “Oğuz eli” İctimai Birliyinin sədri, hazırda Almaniyada yaşayan Hüseyn Abdullayev “Yeni Müsavat” qəzetinə müsahibə verib. Abdullayev müsahibədə bir sıra maraqlı fikirlər səsləndirib.
* * *
Vaxtilə Heydər Əliyevin ən yaxın adamı hesab edilən sabiq deputat əvvəlcə “vurulması”nın səbəbləri barədə danışıb: “Birincisi, mənim əsas məqsədim müasir Azərbaycan dövlətçiliyinin güclənməsi və inkişaf etməsi ideyası olub. Ancaq ürək ağrısı ilə demək istəyirəm ki, Heydər Əliyevin vəfatından sonra bu hakimiyyətdə təmsil olunan bir qrup yaramaz və yaltaq insanlar öz şəxsi korporativ maraqlarına görə bir zamanlar müasir Azərbaycan dövlətçiliyinin qurulmasında yaxından iştirak etmiş insanlara düşmən gözü ilə baxmağa başladılar. Hər addımda ölümlə üz-üzə qalan, bütün var-dövlətlərini əsirgəməyən bu insanların arzu edib yaratdığı müasir Azərbaycan dövlətçiliyi ideyasını belə görmək istəmirlər…
…Bir vaxtlar müstəqil Azərbaycan dövlətçiliyinin ən çətin və həlledici dövründə Heydər Əliyevlə çiyin-çiyinə duranların əksəriyyəti ona görə mübarizə aparmamışdı ki, korrupsiya, rüşvət, məmur özbaşınalığı bu cür tüğyan etsin. Həmçinin mənəvi dəyərlərimiz bu qədər aşınsın, milli genetik kodumuz silinmək təhlükəsi ilə üz-üzə qalsın”.
* * *
Hüseyn Abdullayev əlavə edib ki, iqtidar düşərgəsində arzuolunmaz şəxsə çevrilməsinin səbəblərindən biri də Milli Məclisdə hökumətin hesabatına etiraz etməsi olub: “Ümumiyyətlə, millət vəkili seçildiyim gündən ölkədə və cəmiyyətimizdə baş verən, xalqımız tərəfindən heç cür qəbul edilməyən neqativ hallara qarşı açıq mübarizə aparırdım. Həmçinin bir sıra problemlərin yaranmasına səbəb olan məmurların fəaliyyətini kəskin tənqid edirdim. Nəhayət, bəzi hökumət üzvlərinin parlamentdə verdiyi hesabat zamanı etiraz əlaməti olaraq deputat sorğusuna aid xüsusi bir nəzarət mexanizminin yaradılmasını Milli Məclisdən tələb etdim…
…Milli Məclisdə provokasiyaya çəkilərək həbs olunmağımın əsas səbəbi də məhz bu mexanizmi tələb etməyim olmuşdu.”.
* * *
Sabiq deputat müsahibəsində dolayı yolla İlham Əliyevi istefaya da çağırıb: “Şəxsi işlərimlə bağlı indi daha çox Almaniyada yaşadığımdan bu ölkənin qanunlarını, deputatların statuslarını diqqətlə izləmək imkanım var. Elə bu yaxınlarda sizlərin də bildiyiniz kimi, Almaniyanın prezidenti Kristian Vulf istefa verdi. Almaniya Bundestaqındakı iki nəfər deputatın apardığı araşdırma və sorğular nəticəsində müəyyən olmuşdu ki, prezident Vulf özünə villa tikdirmək üçün dövlət bankından deyil, cüzi faiz fərqi ilə yaxın dostunun sahibi olduğu özəl bankdan istifadə edib. Həmin deputatlar prezidentin bu qanunsuz əməlini ifşa etmişdi. Bu hadisə Almaniyada çox böyük hay-küyə səbəb oldu. Həmin deputatların digər araşdırması nəticəsində o da ortaya çıxdı ki, Vulfun bank sahibi olan dostunun Amerikanın Florida ştatında villası var. Vulf öz həyat yoldaşı ilə orada nə vaxtsa tətildə olub. Florida ştatına dincəlməyə gedən zaman Vulf təyyarəyə “biznes klass”, xanımı isə “ekonom klass” üzrə uçuş biletlərini alıblar. Amma sonradan məlum oldu ki, Berlin Hava Yolları şirkəti Vulfun xanımının biletinin əlavə dəyərini ödəyərək onu da “biznes klass” salonuna yerləşdirib. Həmin deputatlar Berlin Hava Yolları şirkətinin rəhbərliyindən buna görə hesabat tələb etdilər. Ümumiyyətlə, Almaniyada hər bir deputatın istənilən dövlət məmurundan hesabat tələb etmək hüququ var. Qısası, Almaniyada qanun şahdır, şah qanun deyil. Bir məqamı da qeyd etmək istəyirəm ki, istefa verməyə məcbur olan Vulf prezident statusunun zədələnməməsi və Almaniyanın bir dövlət olaraq imicinə ləkə düşməməsi üçün əsil alman istefa mədəniyyətini göstərdi. Bu, mənim üçün insanlıq və humanizm baxımından təqdirəlayiq hadisədir. Halbuki Azərbaycanın da belə bir nümunəvi dövlət olması üçün millət vəkili olduğum zaman bir sıra təşəbbüslər irəli sürmüşdüm”.
* * *
Hüseyn Abdullayev Azərbaycanda biznes fəaliyyətilə məşğul olmağın mümkünsüzlüyünə də diqqət çəkib: “Ölkəmizdə fəaliyyət göstərən bütün iş adamları yaxşı bilirlər ki, onların biznesinə daxil olan hər nə varsa – fabrik-zavod, bank sistemi və s. – hakimiyyətdəki bürokratik və monopolist güclərin hər an gözlənilən qanunsuz əməllərindən sığortalanmayıb. Bu, həm də Azərbaycanda ən azından kiçik və orta sahibkarlığın çökdürülməsi deməkdir. İstənilən biznes sahəsində fəaliyyət göstərmək üçün öncə münbit şərait tələb olunur. Çox təəssüf ki, Azərbaycanda belə bir imkan yoxdur”.
* * *
Hüseyn Abdullayev Heydər Əliyevin ən inanılmış adamlarından olub. Onun hakimiyyətə gəlməsinə yardımını əsirgəməyib. Lakin İlham Əliyev hakimiyyətə yiyələndikdən sonra hakimiyyət daxilində qruplar arasında yaranmış ziddiyyətlər Hüseyn Abdullayevdən yan keçməyib. Xüsusilə onun deputatlıq fəaliyyəti iri-oliqarxlarla üz-üzə gəlməsinə səbəb olub. Həticədə sabiq deputat iqtidarda arzuolunmaz şəxsə çevrilib. Həhayət, Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı Hüseyn Abdullayevin səbrsizlik nümayiş etdirməsi mandatını itirməsi və həbsə atılmasına gətirib çıxarıb. Bir neçə aydan sonra həbsdən buraxılan Hüseyn Abdullayev nəinki iqtidarda əvvəlki nüfuzunu bərpa edib, əksinə biznesini itirmək təhlükəsilə üz-üzə qalıb. Məlumatlara görə, onun biznesinə əl qoyulub, bir sıra obyektlərini dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıb. 2010-cu ilin parlament seçkilərinə qatılmaq istəyi isə yenidən hədəfə gəlməsinə və olan-qalan obyektlərini də satıb ölkəni tərk etməsinə səbəb olub.
Bir neçə ildir ki, Almaniyada sakit həyat tərzi əssiz həyat Hüseyn Abdullayevin indiki dönəmdə yerli mətbuata müsahibə verərək iqtidarı tənqid atəşinə tutması təsadüfi sayıla bilməz. Hazırda Azərbaycan hakimiyyətinin vəziyyəti o qədər də ürəkaçan deyil. Açıq-aydın sezilir ki, iqtidar beynəlxalq aləmin demokratiya çağırışlarından narahat olub və təlaş içindədir. Hüseyn Abdullayev hakimiyyət daxilinə daha yaxşı bələddir. Görünür, sabiq deputatda iqtidarın vəziyyətilə bağlı daha dolğun məlumatlar var. Və bu məlumatlar onun hücumda oynamasını şərtləndirir. Bir məqamı da qeyd edək ki, Hüseyn Abdullayevdən əvvəl onun qohumu, sabiq deputat və hazırda İngiltərədə mühacir həyatı yaşayan Rza İbadov mətbuata verdiyi müsahibədə iqtidara meydan oxumuşdu.
Azad