«Forbes» jurnalının neft bazarı haqda yeni yazısının başlığı belədir.
Yanvarın 9-da neftin qiyməti 4% düşüb. Londonda xam neftin bir barreli 54.82 dollara satılıb. Səbəb OPEC və digər neft istehsalçılarının razılaşmasıyla bağlı gözləntilərin azalmasıdır.
Keçən ilin noyabrında OPEC neft kartelinin üzvləri 2017-ci ilin yanvarından hasilatı gündə 1.2 milyon barrel azaltmağa razılaşıblar. Bazar qiymətlərini tənzimləmək üçün digər neft istehsalçıları – Rusiya, Azərbaycan, Qazaxıstan və başqa qeyri-OPEC ölkələri də razılaşmaya qatılaraq, hasilatı gündə 600 min barrel azaldacaqlarına söz verdilər. Ancaq indi investorlar bu razılaşmanın çox çəkməyəcəyini deyirlər.
İRAQIN ROLU
Qərb mətbuatı qiymətlərə İraqdan gələn xəbərlərin xüsusilə təsir etdiyini yazır. Əslində, İraq da hasilatı gündə 210 min barrel azaldacağına söz verib. Ancaq Oilprice.com saytı İraqın götürdüyü öhdəliyə əməl edəcəyinə şübhəylə yanaşır. Çünki bu günlərdə İraq cənub yataqlarında hasilatın rekord həddə çatdığını, keçən ay gündə 3.5 milyon barrel neft çıxardıqlarını elan edib. İraqın neft sənayesi naziri Jabbar Al-Luaibi «Bloomberg» informasiya agentliyinə müsahibəsində hasilatı azaltmaq barədə razılaşmadan imtina etmədiklərini, ümumi anlaşmaya sadiq qalacaqlarını söyləyib. Amma keçən ayın artım xəbərləri şübhələri dağıtmağa imkan vermir. Çünki hasilat yanvardan azaldılmalıdır. Bu da İraqda rəqəmlərin yenə yüksək qalacağını göstərir. Digər tərəfdən, İraqın Kürdüstan muxtariyyəti mərkəzi hökumətin hasilatı azaltmaq barədə razılaşmasına qatılmaqdan imtina edib.
İnvestorların fikrincə, OPEC-in ikinci böyük istehsalçısı olan İraqın hasilatını artırması razılaşmadan onsuz da çıxmış İrana da təsir göstərəcək.
Üstəlik, OPEC-ə üzv olmayan ABŞ-da istehsalın yüksəlməsi də neftin ucuzlaşmasına gətirir. «Reuters» xəbər agentliyi ABŞ istehsalçılarının hazırda çox böyük gəlirlə işlədiyini, bu ölkədəki hasilatın OPEC-in nail olduğu razılaşmaya kölgə saldığını yazır. ABŞ-dakı artımla OPEC-in razılaşdırdığı azalma arasında tarazlığın olmaması 2017-ci ilin də tarixə neftin ucuzlaşdığı il kimi düşəcəyini deməyə əsas verir.