Yeni seçilmiş ABŞ prezidenti Donald Trump kürəkəni Jared Kushner-i Ağ evin müşaviri vəzifəsinə təyin edir. Qərb mətbuatı bu təyinatın doğurduğu narahatlıqlardan yazır. J.Kushner-in vəkilləri maraqların toqquşmaması naminə onun ailə biznesindən imtina edəcəyini, səhmlərinin çoxunu satacağını elan ediblər. Amma «The New-York Times» qəzeti J.Kushner-in səhmləri ya qardaşına, ya da anasının nəzarət etdiyi fonda satmağı planladığını, bunun da etik məsələlər üzrə ekspertləri əndişələndirdiyini yazır. Vəkillərin dediyinə görə, səhmlərin yaxın adama satılmasının mənası yoxdur.
J.Kushner-ə vəzifəsiylə bağlı etik məsləhətlər verən vəkili Jamie S.Gorelick deyib ki, o, səhmləriylə yanaşı, ailəyə məxsus digər şeyləri, məsələn, Manhettendəki böyük ofis binasını da satacaq. Üstəlik, «Kushner» Şirkətlər qrupunun – ailə şirkətinin icraçı direktoru və «The New York Observer» qəzetinin naşiri vəzifələrindən istefa verəcək. Qalan holdinqlərdəki, o cümlədən xanımı – D.Trump-ın qızı Ivanka Trump-ın holdinqlərindəki rolunu da gözdən keçirəcək ki, idarəçilik məsələləriylə daha məşğul olmasın.
ÇİN HÖKUMƏTİNƏ BAĞLILIQ
«O, ictimai xidmət göstərən digər şəxslər kimi olacaq», – vəkili J.S.Gorelick belə deyib.
Amma başqa bir vəkil – senator Rand Paul-un prezident kampaniyasının baş konsultantı olmuş Matthew T.Sanderson bütün bu əməliyyatlara şübhə ilə yanaşır. Onun sözlərinə görə, səhmlərini satan adam bu proseslərə qatılmamalıdır. Halbuki J.Kushner səhmləri qardaşına, anasının fonduna verir, beləliklə də həmin səhmlərlə bağlılığını saxlayır, çünki fondun gəlirləri birbaşa onun anasına məxsus olur. «Bu mənə bir oyun, bir fırıldaq təsiri bağışlayır», – M.T.Sanderson «The New York Times»a müsahibəsində belədeyib.
Manhettendəki böyük ofis binası da suallar yaradıb. Cəmi bir neçə gün əvvəl «The New York Times» J.Kushner-in həmin binanın yenidən qurulmasıyla bağlı bir Çin şirkətiylə – «Anbang Insurance Group»la danışıq apardığını yazıbmış. Həmin şirkətin sahibləriylə bağlı qaranlıq məqamlar var və mətbuat onun Çin hökumətiylə bağlılığını ehtimal edir.
Əslində, Çin şirkətiylə danışıqlar 6 ay öncə – D.Trump-ın seçki kampaniyası zamanı başlayıbmış. Amma indi bu bina da J.Kushner-in ailə fondunun ixtiyarına verilsə, Ağ evin ticarət məsələləri üzrə müşaviri olacaq J.Kushner-in prezidentə Çinlə bağlı hansı məsləhətləri verəcəyi sual doğurur.
ANTİNEPOTİZM QANUNU
Vəkili J.S.Gorelick-in dediyinə görə, J.Kushner-in komandası Dövlətin Etik Məsələlər üzrə Ofisiylə məsləhətləşib və onlar ofisin irəli sürdüyü tələblərlə – dövlət idarəçiliyinə cəlb edilən şəxsin qarşısına qoyulan qanuni tələblərlə razılaşıblar. Vəkillərin fikrincə, J.Kushner-in müşavir vəzifəsinə təyinatına yalnız federal antinepotizm qanunu əngəl ola bilərdi. Ancaq bu qanun J.Kushner-ə şamil edilməyəcək. Çünki qanun rəsmilərin qohumlarını rəhbərlik etdikləri agentliyə işə götürmələrinə icazə vermir. Ağ ev isə agentlik deyil.
«Mən qarşı tərəfin arqumentlərini danmıram, sadəcə, bizim əlimizdəki arqument daha tutarlıdır», – vəkil J.S.Gorelick J.Kushner-in təyinatı barədə danışanda belə deyib.
Minnesota Universitetində hüquq professoru və George W.Bush-un dövründə Ağ evin etik məsələlər üzrə baş vəkili vəzifəsində çalışmış Richard W.Painter düşünür ki, D.Trump-ın kürəkənindən qeyri-rəsmi müşavir kimi yararlanmaqdansa, onu açıq şəkildə vəzifəyə təyin etməsi etimada layiqdir. Onun fikrincə, həyat yoldaşı və uşaqlarının ailə biznesindən gəlir götürməməsiylə bağlı planlar da təqdirəlayiqdir. Hərçənd, ailə biznesi ailə biznesi olaraq qalacaq, sadəcə, ailənin digər üzvlərinin biznesi olacaq.