“The Telegraph” yazdığına görə, Londondakı Imperial College Universitetinin alimləri şəkər əvəzinə şirinləşdiricilər qatılmış içkilərin, şəkərlilərdən heç də az ziyanlı olmadığını aşkar ediblər.
Alimlərin fikrincə şəkərsiz və ya “diet” içkilər də, şəkərli içkilər kimi artıq çəkinin yaranmasında əsas rol oynayır.
Son 30 ilə aid elmi məlumatların təhlili göstərib ki, şəkərsiz içkilərin artıq çəkinin və ya diabetin qarşısını aldığı barədə əsaslı dəlillər yoxdur.
Alimlər bildiriblər ki, şəkərsiz içkilərin kalorisi aşağı olsa da, onlar beynin şirin dad reseptorlarını qıcıqlandırır və adamları daha çox qida qəbuluna təhrik edir.
Üstəlik şəkərsiz içkilərin ziyansız olduğunu düşünən insanlar onları ifrat həcmlərdə istehlak edirlər.
Yeni araşdırmanın müəllifləri bunu da bildirirlər ki, şəkərsiz içkilərin ziyansız olduğunu isbat edən elmi araşdırmaları sərinləşdirici içkilər sənayesi maliyyələşdirib və buna görə də etibarlı sayıla bilməz.
Lakin Britaniya Alkoqolsuz İçkilər Assosiasiyası deyir ki, şəkərsiz içkilərin tənqid atəşinə tutulması düzgün deyil, çünki bu içkilərdə kalori həqiqətən də aşağıdır.
Assosiasiya bunu da bildirir ki, məsələnin bu cür qoyuluşu insanları şəkərli içkilərə üz tutmağa vadar edə bilər.
İfrat şəkərin insan sağlamlığına ziyanını isə sübut etməyə ehtiyac yoxdur.