Əzrayılın məşhurlar siyahısı
“The İndependent” yazır ki, 2016-cı ildə vəfat etmiş ulduz və məşhurların siyahısı çox uzundur.
Lap bütün ili bir tərəfə qoyaq, yazır qəzet, təkcə elə ötən həftə George Michael, Carrie Fisher, onun anası Debbie Reynolds, Richard Adams, Rick Parfitt, Rabbi Lionel Blue, Zsa Zsa Gabor dünyalarını dəyişiblər.
İş o yerə çatıb ki, New Yorker məcmuəsinin karikaturasında bir mələk Əzrayıla məsləhət verir: “Bəlkə bu məşhurlara bir az fasilə verəsən…”
Komediya aktyoru və yazıçı David Baddiel isə belə bir tvit yazıb: “Az qala inanıram ki, kütləvi şəkildə sevilən insanları hansısa serial qatil öldürür”.
Hətta ilin əvvəllərində də məşhurların ölüm reytinqi yüksək idi. Aprel ayında biz artıq David Bowie, Pierre Boulez, Cecil Parkinson, Alan Rickman, Umberto Eco, Anita Brookner, Johan Cruyff, Ronnie Corbett, lord Terry Wogan, Harper Lee, lord George Martin, Keith Emerson, Nancy Reagan, Zaha Hədid və Paul Daniels-ə əlvida demişdik.
“The İndpendent” yazır ki, hətta BBC bu 2016-nı özünün əvvəlcədən yazılmış nekroloqlarından istifadə sayına görə rekord ili hesab edir.
Xəbər verilir ki, BBC yanvar ayında əvvəlcədən hazırlanmış nekroloqlarından əvvəlki illə müqayisədə iki dəfə artıq istifadə edib. Bu rəqəm 2012-ci ildə olduğundan 5 dəfə artıqdır.
BBC-nin nekroloqlar üzrə redaktoru Nick Serpell deyib ki, korporasiya əvvəlcədən yazılmış nekroloqlarının 30 faizini işlədib qurtarıb.
The İndependent yazır ki, 2016-cı ilin ilk üç ayında elə qeyri-məşhurların da ölümü yüksək olub. 2016-cı ilin ilk üç ayında Britaniyada 156 min 41 nəfər vəfat edib. 2015-ci il üçün bu rəqəm 151 min 801 idi. Lakin bu fərq statistik baxımdan elə də qeyri-adi deyil. Onda belə nəticə çıxır ki, 2016-cı ildə məşhurlar hər halda daha çox vəfat ediblər.
“The İndependent” yazır ki, hətta buna da baxmayaraq bu il məşhur ölümlərinin çox olmasını statistik meyl yox, statistik “qısa qapanma” adlandırmaq olar.
“Bunun əsas səbəbi isə 1960-cı illərdir” – deyilir məqalədə.
18-ci əsrin sonlarında Britaniyada çıxan Gentleman jurnalı özünün başsağlıqları dərc olunan səhifəsini tammiqyaslı nekroloq səhifəsinə çevirəndə məcmuə yazırdı ki, bu səhifədə yalnız “görkəmli adamların” başsağlığı yazıları dərc olunacaq.
Lakin 20-ci əsrin birinci yarısından Hollywood və peşəkar idmanın ulduzlarının və onlarla birlikdə “məşhurlar mədəniyyətinin” yüksəlişi başlanıb.
20-ci əsrin əvvəllərində bir Frank Sinatra vardı və daha sonra Elvis olmuşdu, vəssəlam. Lakin 1960-cı illərdən 4 liverpullu uşağın – Beatles qrupunun məşhurlaşması ilə ulduz yağışı başlanıb.
Beatles qrupunun ardınca Rolling Stones, Who və Kinks, habelə Məhəmməd Əli, Michael Caine, Terence Stamp, Julie Christie, George Best, Davids Bailey, Frost və Hockney doğulublar. Ulduzların kütləviliyi beləcə müasir pop mədəniyyətinin əsasını qoyub.
“1960-cı illərdə məşhurlaşanlar indi ömürlərinin payız və qış çağındadırlar və onların ölümləri də qaçılmaz şəkildə artır” – yazıb “The Independent”.
“The Independent” yazır ki, bir qayda olaraq musiqi adamları daha erkən ölürlər.
2014-cü ildə Avstraliyada 13 min rok və pop ulduzu üzərində aparılmış elmi araşdırmadan məlum olub ki, onlar orta hesabla əhalinin qalan hissəsindən 25 il tez vəfat edirlər.
“The Independent” yazır ki, burada əlbəttə musiqi ulduzlarının o qədər də sağlam olmayan həyat tərzi də öz rolunu oynayır.
Bir də Facebook-u unutmaq olmaz. 2016-cı ildə bu sosial şəbəkəyə daha 250 milyon insan qoşulub.
Bu isə o deməkdir ki, az-çox məşhur olan insanların ölümləri qeyd olunur və daha böyük əhəmiyyət kəsb edir.
“The Independent” yazır ki, bu mənada elə bir dəyişiklik baş verməyib. İndi dünyada əvvəllər olduğundan daha çox məşhur insanlar var və onların hamısı təəssüf ki, Əzrayılın siyahısındadır.
(bbc azəri)