Əhmədinejad İlham Əliyevə məktub yazdı; İran səfirliyi Azərbaycan bayrağını təhqir edən jurnalist barədə açıqlama yaydı
Mayın 25-də Tehranın cümə namazına rəhbərlik edən axund Əhməd Xatəmi Azərbaycan hökumətini hədələyib. “Media forum” saytının məlumatına görə, Əhməd Xatəmi deyib: “Azərbaycan hökuməti islama zidd hərəkətlərini dayandırmalıdır. Son vaxtlar bu ölkədən dinə və hicaba zidd olan hərəkətlərlə bağlı xoşagəlməz xəbərlər gəlib çatır. Ölkədəki səfirliyimiz qarşısında rəzil hərəkətlər edilir. Biz böyük bir ölkə olaraq bu ölkəyə nəsihət edirik ki, islamla üz-üzə durmasın. Hər kəs Islamla üz-üzə dursa, evi yıxıldı.
Azərbaycanın dünyanın ikinci şiə ölkəsi olduğunu nəzərə alaraq Azərbaycan hökmranlarına deyirik ki, əgər indiki prosesi davam etdirsəniz, qabaqda sizi Ben Əlinin (Tunisin sabiq prezidenti) taleyi gözləyəcək. O, xalqın dini ilə üz-üzə durduğuna görə devrildi. Əgər bu yolu getmək istəyirsinizsə, buyurun. Lakin bilin ki, süquta uğrayacaqsınız”.
Bu arada Iranın Azərbaycandakı səfirliyi mayın 24-də farsdilli “Tekon” televiziyasının əməkdaşı tərəfindən Azərbaycan barədə hazırlanıb, internetdə yayımlanan videomateriala aydınlıq gətirib. Səfirlik bu kanalın Irana məxsus olmadığını bildirir.
ANS-in məlumatına görə, Iran səfirliyinin mətbuat xidmətinin əməkdaşı Əli Namidar bu kanalın Iranda yerləşmədiyini və həmin süjeti hazırlayan curnalistə Iranın Radio və Televiziya yayımı orqanı tərəfindən heç bir sənəd verilmədiyini bildirib.
Səfirlik “bu kanalın və onun yaydığı süjetlərin Iranla heç bir bağlılığı yoxdur” deyə bəyan edib.
Azərbaycan barədə videomaterialında “Tekon” televiziya kanalının jurnalisti Bijən Samami Azərbaycanın şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyir.
Materialın müəllifi “Eurovision” yarışmasına gələn xaricilərə qarşı da qeyri-etik münasibət göstərir. Süjetin sonunda isə jurnalist sanki təsadüfən “Eurovision” yarışmasına gələn şəxsin əlindəki Azərbaycan bayrağına təpik atır.
Həmin videomaterial əvvəlcə “Youtube” sosial şəbəkəsində yerləşdirilsə də, sonradan onun yayımı dayandırılıb.
Dünən həmçinin Dövlət Sərhəd Xidməti son günlərdə bir sıra elektron informasiya vasitələrində Iran Islam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycan Respublikasının dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
DSX-nin mətbuat xidmətindən Modern.az-averilən məlumatda bildirilir ki, bu məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır: “Azərbaycanla Iran Islam Respublikasının dəniz sərhədlərində sərhəd mühafizəsi həmişəki qaydada həyata keçirilir, xidmət və əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur”.
Iran prezidenti Əhmədinejad isə 28 May Respublika Günü münasibəti ilə Azərbaycan prezidenti Ilham Əliyevə məktub göndərib. Məktubda deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Zati-aliləri,
Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə qardaş dövləti və xalqını səmimi qəlbdən təbrik edirəm.
Hörmətli Prezident, Sizinlə səmərəli görüşlərimiz və bu görüşlərin olduqca faydalı nəticələri barədə xoş xatirələrimi yada salaraq, iki xalq arasındakı qardaşlıq münasibətləri, həmçinin Zati-alinizlə səmimi əlaqələrimi vurğulayaraq belə düşünürəm ki, Iran Islam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin hər iki xalqın mənafeyi naminə genişlənərək günbəgün inkişaf etməsi, eləcə də iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin qarşısını alacaqdır.
Ümid edirəm ki, Iran Islam Respublikası və Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin, eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasının, zülm və ayrı-seçkiliyin aradan qaldırılmasının şahidi olacağıq.
Uca və qadir olan Allahın dərgahından Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının dost və qardaş xalqına xoşbəxtlik və ucalıq diləyirəm”.